Görkəmli bəstəkar, müğənni, dövlət xadimi Polad Bülbüloğlunun 80 illik yubileyi Moskvada daha bir konsert proqramı ilə qeyd olunub.
Musiqisevərlər yubilyarın əsərlərini fevralın 15-də P.İ.Çaykovski adına Konsert zalında (Moskva Dövlət Filarmoniyası) Dmitri Yarovski və Murtuza Bülbülün idarəçiliyi ilə Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestrinin ifasında dinləyiblər.
Proqramda Polad Bülbüloğlunun əsərləri, Azərbaycan xalq mahnılarının aranjemanları, eləcə də simfonik rəqslərin dünya premyerası və skripka və orkestr üçün konsertin Moskva tamaşası təqdim olunub.
Gecənin əsas hadisələrindən biri Polad Bülbüloğlunun "Skripka üçün konsert"inin səslənməsi (skripkaçı Vadim Repinin ifasında) olub. Vokal partiyaları tanınmış tenor, Azərbaycanın Xalq artisti Samir Cəfərov ifa edib.
Orkestr üçün rapsodiya, konsert valsı, “Eşq və ölüm” baletindən fraqmentlər, “Nolaydı”, “Xumar oldum”, “Bəri bax”, “Qara tellər” mahnılarının aranjemanları da alqışarla qarşılanıb.
Xatırladaq ki, yanvarın 30-da Moskvada, Dövlət Kreml Sarayında Polad Bülbüloğlunun 80 illiyi münasibətilə “Yeddi not” adlı konsert keçirilmişdi.