Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Adil Bəbirovun (1934–2021) xatirəsinə həsr edillmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Qeyd edib ki, Adil Bəbirov uzun müddət xaricdə yaşadığından onun iştirakı ilə yaradıcılıq gecələri təşkil etmək imkanımız olmayıb. Bu gün onun yaxınları, o cümlədən qardaşı qızı, musiqi sənəti xadimləri, Bəstəkarlar İttifaqının, musiqi təhsili müəssisələrinin nümayəndələri, yaradıcılığının pərəstişkarları buraya toplaşıblar. Adil Bəbirovun Kanadada yaşayan qohumları da videomüraciət göndəriblər.

Muzeyin şöbə müdiri Xanım Abdinova Adil Bəbirovun həyat və yaradıcılıq yolu haqqında məruzə ilə çıxış edib. O diqqətə çatdırıb ki, Adil Bəbirov dahi Qara Qarayevin sinfində oxuyanda istedadı və estetik dünyagörüşü ilə tələbələr arasında seçilib.

Xatirə gecəsində bəstəkar və musiqi tədqiqatçısı Şahin Qarayev, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, Əməkdar artist, bəstəkar Məmmədağa Umudov çıxış edərək Adil Bəbirovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında və zənginləşməsində əvəzsiz xidmətlərindən danışıblar. Təqdimatlar slaydlar ilə müşayiət olunub.

Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov), Xalq artisti Teyyub Aslanovun (xanəndə), Əməkdar artistlər Nuriyyə Hüseynovanın (xanəndə), Davud Abdullayevin (tar) və digərlərinin ifasında Adil Bəbirovun əsərləri səsləndirilib.

Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Kamera Orkestrinin ifasında “Skripka və orkestr üçün dilogiya” əsərindən videofraqment nümayiş etdirilib.

Adil Bəbirovun qızı Aytən Bəbirova öz videomüraciətində Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və bütün iştirakçılara təşəkkürünü bildirib.