Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə İstanbul Bahçeşehir Universiteti arasında əməkdaşlıq çərçivəsində bu ali təhsil ocağında UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilmiş Azərbaycan tarı ilə bağlı bölmənin yaradılması, ortaq ədəbiyyatımız, tariximiz və mədəniyyətimizə dair araşdırma və təbliğatın aparılması kimi birgə layihələr həyata keçirilir.

Bu məqsədlə fevralın 14-də Bahçeşehir Universiteti Konservatoriyasının Pera zalında milli musiqi alətimiz tar ilə bağlı təqdimat keçirilib.

Tədbirin aparıcısı – “TRT Türkü” radiosunda “Azərbaycan rüzgarı” proqramının müəllifi Səidə Ömər tar aləti barədə məlumat verib.

Sonra Türkiyənin Qazi Universitetinin doktorantı, tarzən Pərviz Musayev pianoda Təranə Abbaszadənin müşayiəti ilə Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun "Oxu, tar", türk bəstəkarı və pedaqoqu İsmail Hakkı Aksoyun "Fikrimin ince gülü" və italyan bəstəkarı Vittorio Montinin "Çardaş" (1904) əsərlərini ifa edib.

Tədbir çərçivəsində AMM-nin direktoru Samir Abbasov və Bahçeşehir Universiteti Konservatoriyasının müdiri İsmet Aydın əməkdaşlıq zəminində birgə layihələri müzakirə ediblər.

Bahçeşehir Universiteti Konservatoriyasında Azərbaycanın və Türk dünyasının dahi bəstəkarı, dünya musiqisinə misilsiz töhfələr vermiş Üzeyir Hacıbəylinin adına auditoriyanın yaradılması, həmçinin Azərbaycan milli musiqi alətlərindən ibarət guşənin təşkili və konservatoriyanın kitabxanasına Azərbaycan bəstəkarlarının not əsərlərinin hədiyyə edilməsi barədə razılıq əldə olunub.