Mədəniyyət Nazirliyinin layihəsi əsasında xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri tərəfindən yerli kitabxanalara ölkəmizə dair ana dilimizdə və təmsil olunduğumuz ölkələrin dillərində nəşrlər hədiyyə edilir, Azərbaycanla bağlı elmi fondlar zənginləşdirilir. Bu çərçivədə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İstanbulun ən böyük elm məkanlarından biri, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki tarixi Rami Kitabxanasına milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımıza dair Azərbaycan və türk dillərində zəngin kitab kolleksiyası hədiyyə edilib.
Nəşrlərin təqdimatı ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Rami Kitabxanasının müdiri Ali Çelikin iştirakı ilə görüş keçirilib.
Ali Çelik digər bənzər məkanlardan fərqli olaraq daha böyük və yeni konseptlə təşkil olunan bu kitabxanada həm türk, həm də Azərbaycan dillərində ölkəmizə dair nəşrlərə ciddi ehtiyacın olduğunu bildirib. O, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə həyata keçirilən layihə əsasında bu ilin aprelində kitabxanada “Azərbaycan Günü”nün təşkil olunacağı və burada ölkəmizə dair nəşrlərin təqdimatının keçiriləcəyini deyib.
Diqqətə çatdırılıb ki, tədbir çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri, Türk dünyası ədəbiyyatının banilərindən olan Nizami Gəncəvi yaradıcılığına dair beynəlxalq konfransın təşkili, eləcə də açıq havada Azərbaycan klassik musiqisi və muğamlarından ibarət konsert proqramının keçirilməsi ilə bağlı razılıq əldə edilib.
Samir Abbasov öz növbəsində Rami Kitabxanası ilə birgə layihə çərçivəsində bu elm mərkəzinin səsli kitabların hazırlanması bölməsində Azərbaycan xalq nağıllarının səsli versiyalarının ərsəyə gətirilməsi ilə bağlı razılığın əldə edildiyini deyib. O bu təşəbbüsün ədəbiyyat nümunələrimizin təbliği və türk uşaqlara Azərbaycan folklorunun tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
Sonra Azərbaycana dair yeni nəşrlər kitabxananın fonduna təqdim edilib.