Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Qazax Dövlət Dram Teatrında regionlarda “Peşəkar teatr dərsləri” layihəsinin növbəti təlimləri keçirilib.
Mərkəzdən bildirilib ki, rejissor Ceyhun Dadaşov və teatrşünas Dağlar Yusifin keçdiyi ustad dərsləri, iştirakçılar ilə təcrübə mübadiləsi, ixtisasartırma və aktyorluq potensialının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradıb.
MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov layihənin əhəmiyyətindən danışıb, Mərkəzin teatr istiqaməti üzrə bir neçə layihəsinin olduğunu bildirib. O, regionlarda bu kimi layihələrin vacibliyini xüsusilə qeyd edib.
Regionlarda fəaliyyət göstərən teatrların rejissor və aktyorları üçün təşkil olunan peşəkar teatr dərslərində aktyorların tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək bacarığı, səhnə sərbəstliyi və texnikası, pyesin mənimsənilmə prosesi, səhnə ritmika və plastikası, nitq mədəniyyəti kimi keyfiyyətlər təkmilləşdirilib.
Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.