Azərbaycan Dövlət Akademik Musiqili Teatrında librettosu akademik, Xalq yazıçısı Kamal Abdullaya və musiqisi Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus olan “Əsgər və Gülçöhrə” tamaşasının məşqlərinə başlanılıb. 

Müəllif və bəstəkarın da iştirak etdiyi ilk məşqdə teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev yeni yaradıcı iş barədə fikirlərini bölüşüb. Bildirib ki, Xalq yazıçısı Kamal Abdulla “Əsgər və Gülçöhrə” əsərini dahi bəstəkar Üzeyir Hacıbəylinin bir əsrdən çox yaşı olan “Arşın mal alan” operettası əsasında dayısı – görkəmli kino və teatr rejissoru Rza Təhmasibin ekranlaşdırdığı eyniadlı filmdən (1945) ilhamlanaraq yazıb: “Xoşbəxt sonluqla bitən sevgi hekayəsindən fərqli olaraq, Kamal Abdullanın əsərində hədəfə alınan, vurğulanan mövzu bolşeviklərin ölkəmizi istila etdiyi, maddi və mənəvi sərvətlərimizi taladığı kəşməkəşli dövrdə baş verən hadisələri əhatə edir. Tarixin qaranlıq səhifələrini müasir tamaşaçıya dolğunluğu ilə çatdırmaq, həqiqətən də, böyük məsuliyyətdir. Hörmətli bəstəkarımız Cavanşir müəllimin musiqiləri bu teatr üçün yad deyil və əminəm ki, onun əsrarəngiz bəstələri növbəti uğurlu bir səhnə işinin yaranmasına öz töhfəsini verəcək”.

Layihə iştirakçıları çıxışlarında tamaşanın dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi, həmçinin Kamal Abdulla və Cavanşir Quliyevin 75 illik yubileyləri münasibətilə təqdim olunmasını da təklif ediblər.

Yaradıcı heyətlə fikir mübadiləsi aparan müəllif və bəstəkar göstərilən diqqətə görə teatr rəhbərliyinə təşəkkür ediblər.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, Əkbər Əlizadə, İqrar Salamov, Səidə Şərifəliyeva, Almaz Ələsgərova, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, aktyorlar Möylə Mirzəliyev, Nicat Əli, Türkel Tariqpeyma, Gülnarə Abdullayeva, Faiq Mirzəyev, Gültac Əlili, Nərmin Əliyeva, Əliməmməd  Novruzov, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Elçin İmanov, Elxan İsmayılov, Rauf Babayev, Sübhan Rüstəmov, Əli Kərimov rol alıblar. Teatrın xor və balet artistləri səhnəyə çıxacaqlar.