Xəbər verdiyimiz kimi, fevralın 7-də Qazaxıstanın paytaxtı Astanada Türk Mədəniyyəti və İrsi Fondunun 2-ci Şura toplantısı keçirilib. Şura toplantısı çərçivəsində Fond tərəfindən türk xalqlarının musiqi irsini nümayiş etdirən konsert təşkil olunub.
E.Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasında keçirilən konsertdən əvvəl Fondun prezidenti Aktotı Raimkulova çıxış edib.
“TAMYR” adlı konsertdə filarmoniyanın kollektivi, "Turan" Folklor-Etnoqrafik Ansamblı, "Gulder" Ansamblı, "Saltanat" Dövlət Rəqs Ansamblı və K.Kuanışbayev adına Qazax Milli Musiqili və Dram Teatrının solistləri zəngin proqram təqdim ediblər.
Konsertin məqsədi türk xalqlarının ortaq mədəni kimliyini musiqi və rəqs vasitəsilə qeyd etmək, tamaşaçılara Türk dünyasının zəngin bədii irsinə nəzər salmasına imkan yaratmaqdır. Bu cür tədbirlət türk dövlətləri arasında mədəni əməkdaşlığı gücləndirməklə yanaşı, onların sənət ənənələrinin beynəlxalq arenada təbliğinə töhfə verir.
Konserti Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türk Mədəniyyəti və İrsi Fonduna üzv digər ölkələrin rəsmiləri, Qazaxıstanda akkreditə olan diplomatik korpusun əməkdaşları, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, dövlət və mədəniyyət xadimləri izləyiblər.