Yanvarın 31-də Azərbaycan Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi, kinoprodüser Arif Səfərovun 80 illiyi münasibətilə yubiley gecəsi keçirilib.

Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək yubilyara göndərilmiş tədbir məktublarını diqqətə çatdırıb. O, Arif Səfərovun əmək fəaliyyətinin “Azərbaycanfilm” kinostudiyasında 1969-cu ildən başlandığını deyib, bu illər ərzində onun bir çox rejissorlarla çalışdığını qeyd edib.

Əməkdar incəsənət xadimləri Ənvər Əbluc, Elçin Musaoğlu, Müşfiq Hətəmov, Əməkdar mədəniyyət işçiləri Azər Quliyev, Yusif Şeyxov, Nadir Əliyev, Əməkdar artist Cavanşir Hadıyev, prodüser Tofiq Musayev, Nizami Kino Mərkəzinin direktoru Əli-Səttar Quliyev, YAP Yasamal rayonu Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva çıxış edərək yubilyara təbriklərini çatdırıblar.

Sonda Arif Səfərov tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Film Fonduna təşəkkürünü bildirib.