
Xəbər verdiyimiz kimi, TÜRKSOY-un təşkilatçılığı və Azərbaycanın da dəstəyi ilə yeni kino layihəsi həyata keçirilir. Söhbət türkdilli ölkələrin iştirakı ilə “Molla Nəsrəddin – çətin günlərimin dostu” adlı filmin çəkilişlərindən gedir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayevdir.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ramilə Qurbanlının bildirdiyinə görə, çəkilişlər ilk olaraq Qırğızıstanda həyata keçirilib. Növbəti çəkilişlərin Türkiyə, Qazaxıstan və Özbəkistanda aparılması planlaşdırılır: “Bu layihənin mahiyyətində türkdilli ölkələri ortaq mədəniyyətləri vasitəsilə bir araya gətirmək, yəni birlik ideyası dayanır”.
Çəkilişlərə ötən il başladıqlarını söyləyən quruluşçu rejissor Vaqif Mustafayev bildirib ki, “Azərbaycanfilm” kinostudiyasının böyük pavilyonunu hazırda boş deyil: “Azərbaycandakı çəkilişlər aprel ayına planlaşdırılıb. Həmin vaxta pavilyonun boşaldılacağı gözlənilir, hələlik ora icarəyə götürülüb, dekorlar qurulub və çəkiliş gedir. Biz xaricdən dekorçuları martın sonlarına dəvət etmişik, onlar dekorasiyanı quracaqlar və apreldə filmin çəkilişlərini Azərbaycanda davam etdirəcəyik”.