XV Qəbələ Beynəlxalq Musiqi Festivalının (29 iyul – 3 avqust) proqramında Azərbaycanın qədim muğam sənətinə də yer verilib.

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilən festivalın üçüncü gününü (31 iyul) təqdim olunan muğam axşamında Əməkdar artist, tarzın Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl və xanəndələr çıxış ediblər.

Əməkdar artistlər Bəyimxanım Vəliyeva və Təyyar Bayramov, muğam müsabiqəsinin laureatları Mirələm Mirələmov və Kamilə Nəbiyeva muğam parçaları ilə yanaşı bəstəkar mahnılarını da məharətlə ifa ediblər.

Xanəndələri Əməkdar artistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara), eləcə də Rafael Əsgərov (balaban), Rüstəm Müslümov (tar), Şəfa Kərimov (ud), bəm tarda İlkin Həsənov (bəm tar), Hüsaməddin Əzizov (bəm nağara) və Ceyhun Muradov (kamança) müşayiət ediblər.

Konsert proqramında Azərbaycan muğam məktəbinin sevilən nümunələri – “Dilkəş”, “Bayatı-Şiraz”, “Segah” və “Şur” təsnifləri səsləndirilib. Həmçinin N.Feyzullayevin “Ay qız” əsəri, “Vətən” kompozisiyası və “Qarabağ şikəstəsi” zərbi muğamı tamaşaçılara təqdim olunub.

***

Əməkdar artist Təyyar Bayramov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının ən yaddaqalan proqramlarından biri olan muğam axşamı milli musiqi irsinin zənginliyini bir daha nümayiş etdirir. Təşkilatçılara bütün ifaçılar adından təşəkkür edən Əməkdar artist festivalın yüksək səviyyədə təşkil olunduğunu, insanların belə musiqi axşamlarından böyük zövq aldığını diqqətə çatdırıb.

***

Muğam axşamının tamaşaçıları arasında millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu da olub. O, fikirlərini AZƏRTAC-ın əməkdaşı ilə bölüşüb: "Çox şadam və əminəm ki, muğamımız etibarlı əllərdədir. Mən bu gün feyzyab oldum. Gənc solistlərimiz artıq qədim muğamlara yeni üsullar gətirirlər”.

Qədim muğam ənənələrinin peşəkar ifaçılar tərəfindən təqdim edilməsi tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.