Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü – Milli Musiqi Günündə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin iştirakı ilə möhtəşəm aksiya keçirilib.
Mədəniyyət Nazirliyinin “Dahinin musiqi dünyası” layihəsi çərçivəsində Gəncə Heydər Əliyev Mərkəzinin qarşısındakı amfiteatrda təşkil olunan tədbirdə region məktəblərinin xalq çalğı alətləri şöbələrində təhsil alan şagirdlərin ifasında milli musiqi nümunələri səsləndirilib.
Dirijor Xəyal Qəhrəmanovun idarə etdiyi təqdimatda ifa olunan əsərlər Azərbaycan musiqi irsinin zənginliyini və rəngarəngliyini nümayiş etdirib.
Tədbirin əsas məqsədi Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin gənc nəslə tanıdılması, milli musiqi dəyərlərinin təbliği, şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılması və musiqi bacarıqlarının inkişafına dəstək göstərilməsidir.
























