19-20 sentyabr tarixlərində Şamaxı rayonunun Meysəri kəndində üzümçülük və şərabçılıq ənənələrinin, milli musiqinin və festival ab-havasının bir araya gəldiyi 5-ci Üzüm və Şərab Festivalı keçirilib.
Şamaxı Rayon İcra Hakimiyyəti, "Abqora" restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə keçirilən festivalın qonaqları musiqi kollektivlərinin ifaları ilə qarşılanıb. Şərab istehsalçılarının təntənəli paradı baraban şousunun müşayiəti ilə gerçəkləşib.
Artıq ənənə halını alan festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılması, regionun turizm imkanlarının genişlənməsinə töhfə verməkdir.
Festivalın açılışında çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, bu günlər Şamaxı üçün əlamətdar hadisələrlə yadda qalır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri çərçivəsində bir sıra mühüm turizm və mədəniyyət obyektlərinin açılışı keçirilib. Bu layihələr rayonun turizm və mədəni potensialının daha da genişlənməsinə xidmət edir.
İcra başçısı bildirib ki, Üzüm və Şərab Festivalı Şamaxının zəngin üzümçülük və şərabçılıq ənənələrinin tanıdılmasına, rayonun turizm cəlbediciliyinin artırılmasına və bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, festival Azərbaycanda üzümçülük və şərabçılığın inkişafına, şərab mədəniyyətinin formalaşmasına və yerli şərabların tanıdılmasına xidmət edir. Azərbaycanda üzümçülük və şərabçılıq qədim ənənələrə malik sahədir. Dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində üzümçülük və şərabçılığın inkişafında mühüm nailiyyətlər əldə olunub.
Nazir yüksəkkeyfiyyətli şərabların hazırlanmasında çalışan şərabçı və texnoloqların əməyini yüksək qiymətləndirib.
Daha sonra milli rəqslərimizdən nümunələr, o cümlədən üzümçülük ənənələrini özündə əks etdirən “Üzüm” rəqsi nümayiş etdirilib.
Festival iştirakçıları Azərbaycanın qədim üzümçülük və şərabçılıq ənənələri, eləcə də ölkənin zəngin turizm potensialı ilə yaxından tanış olublar. Ziyarətçilərə müxtəlif əyləncə proqramları və şoular təqdim edilib.
Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin ərazisində baş tutan festivalda müxtəlif brendlər öz məhsullarını təqdim edib.























