Dərbənd şəhərindəki Azərbaycan Dövlət Musiqili Dram Teatrına Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, dünyaca məşhur müğənni Müslüm Maqomayevin adı verilib.

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Fyodor Şukin bununla bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, müəssisə bundan sonra rəsmi olaraq “Müslüm Maqomayev adına Azərbaycan Dövlət Musiqili Dram Teatrı” adlandırılacaq.

Qədim Dərbəndin mərkəzində yerləşən teatrın yeni binasının təntənəli açılışı 2026-cı ilin martında keçirilib. Rusiya Prezidenti Vladimir Putin mərasimdə videokonfrans vasitəsilə iştirak edib.

Müəssisə müasir səhnə, işıqlandırma və səs avadanlıqları ilə təchiz olunub. Binada rahat qrim otaqları və geniş tamaşa zalı yaradılıb.

F.Şukin qəbul edilmiş qərarın regionun mədəniyyəti üçün xüsusi rəmzi məna daşıdığını vurğulayıb. O qeyd edib ki, görkəmli azərbaycanlı müğənni, aktyor və bəstəkar Müslüm Maqomayev özünəməxsus səsə malik olub, onun bədii irsi milli sərvət olaraq qalır və bütün dünyada tanınır.

“Teatrın həyatında yeni səhifə açılması münasibətilə aktyorları təbrik edirəm. Əminəm ki, onlar dahi Müslüm Maqomayevin xatirəsini diqqətlə qoruyub saxlayacaqlar”, - deyə Dağıstan rəhbəri bildirib.