Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyulun 22-də VII Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığa həsr olunmuş qurumlararası iclas keçirilib.
İclasda dövlət qurumlarının rəhbər səviyyəli nümayəndələri, o cümlədən Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumların təmsilçiləri iştirak ediblər.
İclasda çıxış edən mədəniyyət naziri Adil Kərimli “Bakı Prosesi”nin müntəzəm platforması olan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başladığını xatırladıb və platformanın qlobal müstəvidə gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir müavini Fərid Cəfərov 2026-cı il 27-29 oktyabr tarixlərində keçiriləcək VII Forumun proqramı, hazırlıq işləri, nəzərdə tutulan tədbirlər barədə ətraflı təqdimat edib.
İclas iştirakçıları Forumun müxtəlif istiqamətləri üzrə təkliflərini bölüşüblər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli elm təşkilatlarının nümayəndələrinin Foruma cəlb edilməsini təklif edib. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Quba Olimpiya Kompleksində keçiriləcək Gənclər Forumunun hazırlıq işlərinin davam etdiyini bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov beynəlxalq dəvətlərin əlaqəli qaydada göndərilməsi barədə məlumat verib. Xarici İşlər Nazirliyinin nümayəndəsi Elməddin Mehdiyev Bakıda yerləşən beynəlxalq gənclər təşkilatlarının Gənclər Forumuna cəlb edilməsini, həmçinin iqlim dəyişikliyi mövzusunda ayrıca panelin təşkilini təklif edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadın və ailə mövzusunun Forum proqramına daxil edilməsini müzakirəyə gətirib, bu istiqamətdə “UN Women” ilə birgə xüsusi sessiyanın keçirilməsi razılaşdırılıb.
İclasın yekununda mədəniyyət naziri Adil Kərimli diqqətə çatdırıb ki, VII Dünya Mədəniyyətlərarası Dialoq Forumunda ümumilikdə 3000-ə yaxın qonağın, o cümlədən 500 əcnəbi nümayəndənin iştirakı nəzərdə tutulur. “Bakı Prosesi”nin bu mötəbər platforması beynəlxalq mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdə davam edəcək.
Qeyd edək ki, “Bakı Prosesi” 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş beynəlxalq dialoq platformasıdır. 2011-ci ildən başlayaraq iki ildən bir təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu bu prosesin əsas tədbiridir. VI Dünya Mədəniyyətlərarası Dialoq Forumu 2024-cü ildə keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 27 may 2011-ci il tarixli Fərmanına əsasən, Forumun təşkilində əlaqələndirici orqan Mədəniyyət Nazirliyidir.


























