Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış aktyor, rejissor, ssenarist, musiqiçi, Xalq artisti, Prezident təqaüdçüsü Tofiq Mirzəyev 2026-cı il iyulun 21-də, 94 yaşında vəfat edib. Sənətkar ötən əsrin 90-cı illərindən yaşadığı İsraildə dünyasını dəyişib.

Tofiq İbrahim oğlu Mirzəyev 16 iyun 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) klarnet sinfini bitirib. Maestro Niyazi onun ifasını bəyənərək Azərbaycan Dövlət Simfonik Orkestrinə dəvət edib. O, simfonik orkestrlə yanaşı, caz qrupları ilə də konsertlərdə çıxış edib. Qardaşı Teymur Mirzəyev (1936–2021) tanınmış müğənni, "Qaya" qrupunun bədii rəhbəri olub.

60-cı illərdə Tofiq Mirzəyev səhhəti ilə bağlı klarnet ifaçılığından əl çəkməli olur. O, Moskvada Ali Rejissorluq Kurslarını bitirir və Bakıya qayıdaraq Azərbaycan Televiziyasında fəaliyyət göstərir. Televiziyada musiqi proqramları hazırlayır, film-konsertlər ("Abşeronun nəğmələri", "Niyazinin simfoniyası" və s.) ərsəyə gətirir.

Teymur Mirzəyev Azərbaycan kinosuna da töhfələr verib. Aktyor kimi "Uşaqlığın son gecəsi", "Nəsimi", "O qızı tapın", "İstintaq", “Ən vacib müsahibə”, “Üzeyir ömrü”, “Təhminə” və s. filmlərdə yaddaqalan rollar oynayıb, bir sıra filmlərin səsləndirilməsində iştirak edib. "Mosfilm"ə (Rusiya) və Dovjenko studiyasına (Ukrayna) da dəvətlər alan sənətkarın filmoqrafiyasında 30-dan çox ekran işi var.

Tofiq Mirzəyev Xalq yazıçısı Anarla bacanaq olub. Həyat yoldaşı Elmira Səfərova (1934–1997) respublikanın Əməkdar incəsənət xadimi, tanınmış pianoçu və pedaqoq idi. Onun vəfatından sonra Tofiq Mirzəyev İsrailə, anasının (yəhudi əsilli Bella İlyinşina) yanına köçüb. Bununla belə, Azərbaycanla əlaqələrini kəsməyib. Hayfa-Bakı Dostluq Cəmiyyətinin üzvü olub.

Azərbaycanın Əməkdar artisti (1976) və Xalq artisti (2022) fəxri adlarına layiq görülən Tofiq Mirzəyev "Şöhrət" ordeni (2022) ilə təltif olunub. 2007-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

O, axırıncı dəfə 2019-cu ildə mərhum həyat yoldaşı Elmira Səfərovanın 85 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün Bakıya gəlmişdi...

Tofiq Mirzəyevin İsrailin Arad şəhərindəki qəbiristanlıqda, anası, qardaşı və bacısının yanında dəfn olunacağı bildirilib.

Allah rəhmət eləsin.