Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başlanıb.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.

Səfər proqramına Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən bərpa-quruculuq və inkişaf prosesi, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanışlıq daxildir.

Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.

***

Diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Ağdərə rayonuna səfər çərçivəsində Gəncəsər monastırını ziyarət ediblər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva diplomatlara tarixi-memarlıq abidəsi, onun mədəni irsi və ərazidə görülən bərpa-quruculuq işləri barədə məlumat verib.

Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir. Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216-1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoyub. Bu dəyərli abidənin inşaat və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olub. Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxanilər dövlətinin iqtisadi gücündən soraq verir.

Sonra diplomatik korpusun nümayəndələri Gəncəsər monastır kompleksinə baxış keçiriblər.