Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Əməkdar artist Nailə Məmməd-Zadə 22 iyul – Milli Mətbuat Günü münasibətilə media təmsilçilərinə təbrik ünvablayıb.
Bu barədə BXA-dan məlumat verilib.
Təbrikdə deyilir:
Hörmətli media nümayəndələri!
Əziz jurnalistlər!
Sizi Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü – 22 iyul Milli Mətbuat Günü münasibətilə Bakı Xoreoqrafiya Akademiyasının kollektivi adından və şəxsən öz adımdan təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək yaradıcılıq əzmi, tükənməz ilham, peşə fəaliyyətinizdə yeni nailiyyətlər və davamlı uğurlar arzulayıram.
Azərbaycan milli mətbuatı 1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə xalqımızın ictimai-siyasi, mədəni və maarifçilik tarixində yeni inkişaf mərhələsinin əsasını qoyub. Həmin tarixi missiya milli özünüdərk ideologiyasının formalaşmasına, maarifçilik hərəkatının genişlənməsinə, milli dilimizin inkişafına, ictimai şüurun yüksəlməsinə və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfələr verib. Bu gün həmin zəngin irs müasir Azərbaycanın informasiya məkanında yeni məzmun və yeni texnoloji imkanlarla uğurla davam etdirilir.
Müasir dövrdə media yalnız informasiya daşıyıcısı deyil, strateji kommunikasiya sisteminin ayrılmaz hissəsi, ictimai etimadın formalaşdırıcısı və milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən mühüm platformadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl media siyasəti nəticəsində ölkəmizdə müasir informasiya ekosisteminin formalaşdırılması, media subyektlərinin institusional inkişafı, jurnalistlərin sosial rifahının yüksəldilməsi, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilir. Bu islahatlar Azərbaycan mediasının beynəlxalq informasiya məkanında mövqeyini daha da gücləndirir, onun rəqabət qabiliyyətini artırır.
Bu gün elm, təhsil və mədəniyyət sahələrinin inkişafı müasir media ilə qarşılıqlı inteqrasiya olmadan mümkün deyil. İnformasiya cəmiyyətində bilik iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən biri məhz elmi biliklərin, innovativ ideyaların və mədəni dəyərlərin geniş auditoriyaya peşəkar şəkildə çatdırılmasıdır. Bu baxımdan jurnalistlər cəmiyyətin intellektual potensialının inkişafında, milli-mənəvi irsin təbliğində və yeni nəsildə sağlam estetik dünyagörüşünün formalaşdırılmasında mühüm missiya yerinə yetirirlər. Mədəniyyət və incəsənət sahəsinin peşəkar şəkildə işıqlandırılması cəmiyyətin mənəvi inkişafı, milli-mədəni irsin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki mədəniyyət yalnız yaradıcılıq hadisələrinin işıqlandırılması deyil, həm də xalqın tarixi yaddaşının, milli identikliyinin, estetik düşüncəsinin və mənəvi dəyərlərinin gələcək nəsillərə ötürülməsi deməkdir. Bu baxımdan mədəniyyət sahəsində çalışan jurnalistlər milli irsimizin qorunmasına, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılmasına və ölkəmizin mədəni diplomatiyasının inkişafına mühüm töhfə verirlər.
Bakı Xoreoqrafiya Akademiyası olaraq media ilə qarşılıqlı əməkdaşlığı yalnız informasiya mübadiləsi kimi deyil, həm də strateji tərəfdaşlıq modeli kimi qiymətləndiririk. Akademiyada həyata keçirilən təhsil islahatlarının, elmi-tədqiqat fəaliyyətinin, beynəlxalq layihələrin, yaradıcılıq proqramlarının, tələbə və müəllim kollektivinin uğurlarının geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin peşəkar fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın yeganə ali xoreoqrafiya təhsili müəssisəsi olaraq Bakı Xoreoqrafiya Akademiyası milli rəqs sənətinin, klassik baletin və müasir xoreoqrafiyanın inkişafına, bu sahələr üzrə elmi potensialın gücləndirilməsinə və yaradıcı təhsil mühitinin təkmilləşdirilməsinə xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən layihələrin ölkə və beynəlxalq ictimaiyyətə təqdim edilməsində media nümayəndələrinin obyektiv, operativ və peşəkar fəaliyyəti mədəniyyətimizin təbliğinə mühüm töhfə verir.
İnanıram ki, Azərbaycan mediası bundan sonra da yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqların qorunmasına, elm və təhsilin inkişafına, mədəniyyətimizin beynəlxalq nüfuzunun yüksəldilməsinə və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsinə mühüm töhfələr verməyə davam edəcəkdir.
Fürsətdən istifadə edərək Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyətini daim diqqətdə saxlayan, Akademiyanın təhsil, elm, mədəniyyət və yaradıcılıq istiqamətində həyata keçirdiyi layihələri operativ və obyektiv şəkildə ictimaiyyətə çatdıran bütün kütləvi informasiya vasitələrinin rəhbərlərinə, redaktorlarına, jurnalistlərinə və bütün media əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.
Bir daha bütün media ictimaiyyətini 22 iyul – Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz yaradıcılıq enerjisi, peşə fəaliyyətinizdə yeni zirvələr və daim uğurlar arzulayıram.
Milli Mətbuat Gününüz mübarək!





















