Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Qazaxıstanın "Xan Ordalı Sarayşık"  Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə "Mədəni irsin qorunması və arxeologiya: elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıq və gələcək perspektivlər" mövzusunda beynəlxalq onlayn elmi seminar keçirilib.

Bu barədə "Keşikçidağ" qoruğundan məlumat verilib.

BDU-nun dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin moderatorluğu ilə baş tutan seminarın əsas məqsədi mədəni irsin qorunması, arxeoloji tədqiqatların müasir vəziyyəti, bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və gələcək birgə elmi fəaliyyət istiqamətlərinin müzakirəsi olub.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan digər qoruqların əməkdaşları, BDU-nun magistrantları, Xəzər Universitetinin tələbələri və universitet müəllimlərinin iştirak etdiyi seminar Azərbaycan və Qazaxıstan arasında tarix, arxeologiya və mədəni irsin qorunması sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm elmi platforma kimi qiymətləndirilib.

"Keşikçidağ" qoruğunun direktoru Musa Mursaquliyev giriş sözündə mədəni irsin qorunması və elmi tədqiqatların səmərəliliyinin artırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib, ortaq tarixi-mədəni dəyərlərin öyrənilməsi istiqamətində birgə elmi layihələrin, arxeoloji ekspedisiyaların, mütəxəssis hazırlığının və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

"Xan Ordalı Sarayşık" muzey-qoruğunun direktoru, tarix elmləri doktoru, professor Abilseit Kapizuliy Mukthar "Sarayşık muzey-qoruğunun elmi-tədqiqat fəaliyyəti və onun Orta əsr abidələrinin qorunması, mühafizəsi və təbliğindəki rolu" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Sarayşık şəhər yerinin arxeoloji potensialı, aparılan elmi tədqiqatlar, konservasiya və muzeyləşdirmə işləri, həmçinin bu zəngin irsin beynəlxalq elmi ictimaiyyətə tanıdılması istiqamətində görülən tədbirlər ətraflı təqdim olunub.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov "Keşikçidağ kurqanları" mövzusunda çıxış edərək Ceyrançöl ərazisində yerləşən kurqanların elmi əhəmiyyəti, son illərdə aparılmış arxeoloji qazıntılar, əldə olunmuş yeni nəticələr və onların Qafqazın qədim tarixi ilə bağlı elmi araşdırmalara verdiyi töhfələr haqqında məlumat verib.

"Xan Ordalı Sarayşık" muzey-qoruğunun direktor müavini Amangəldi Zhenisuly Zhumabayev "Aşısay Qızıl Orda şəhərciyində arxeoloji tədqiqatlar" mövzusunda çıxış edib, muzey-qoruğun baş müfəttişi Aibek Turaruly isə "Sarayşıq orta əsr şəhərciyinin arxeoloji cəhətdən öyrənilməsinin əsas mərhələləri" mövzusunda məruzəsini təqdim edib.

Qoruğun elmi işçisi, arxeoloq Zhunis Rustemuly Baigaliyev "Qaraqaylı arxeoloji kompleksi: son tədqiqatlar və yeni məlumatlar" mövzusunda təqdimat edib.

"Keşikçidağ" qoruğunun könüllüsü İsrayıl Məmmədov "Gənclər, arxeologiya və mədəni irs: Keşikçidağ Yay Məktəbindən təəssüratlar" mövzusunda çıxış edərək yay məktəbinin gənclərin arxeologiyaya marağının artırılmasında, onların praktiki bilik və bacarıqlarının formalaşmasında rolunu vurğulayıb.

Seminar çərçivəsində iştirakçılar tərəfindən mədəni irsin mühafizəsində müasir yanaşmalar, arxeoloji irsin rəqəmsallaşdırılması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, birgə ekspedisiyaların təşkili və gələcək elmi layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.