Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 94-cü mövsümün yekunlarına həsr olunmuş geniştərkibli kollektiv iclas keçirilib.
Bu barədə teatrdan məlumat verilib.
İclasda çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə bildirib ki, Azərbaycan Dövlət Kukla Teatrının 94-cü teatr mövsümü yaradıcılıq, inkişaf, beynəlxalq əməkdaşlıq və sosial fəaliyyət baxımından məhsuldar olub.
Direktor qeyd edib ki, 95 illik zəngin tarixə malik teatr növbəti, yubiley mövsümünə uğurlu nəticələrlə qədəm qoyur. Onun sözlərinə görə, cari mövsümdə repertuar yeddi yeni səhnə əsəri ilə zənginləşib və onların hər biri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Mövsüm ərzində Anar Məmmədovun quruluşunda "İnnab ağacı" tamaşası səhnəyə qoyulub. Görkəmli kukla ustası, sevilən aktyor Rəhman Rəhmanovun səhnə fəaliyyətinin yubileyinə həsr olunmuş "Aybolit" benefis tamaşası da teatrsevərlərin böyük marağına səbəb olub. S.S.Axundovun eyniadlı əsəri əsasında Səidə Haqverdiyevanın quruluş verdiyi "Qaraca qız" tamaşası mövsümün uğurlu premyeralarından biri kimi yadda qalıb və repertuarın sevilən nümunələrindən birinə çevrilib.
Ötən ilin sonunda Anar Məmmədovun quruluşunda "Qış nağılı" tamaşası təqdim olunub. Azərbaycan xalq nağılı əsasında hazırlanan "Şəngülüm, Məngülüm" tamaşası da mövsümün maraqlı səhnə işlərindən biri olub. Rejissor Müşfiq Əliyevin quruluş verdiyi "Quyruqsuz dovşan" tamaşası isə mövsümün ən uğurlu premyeraları sırasında xüsusi yer tutub.
Rəşad Əhmədzadə vurğulayıb ki, teatrın rus bölməsi də mövsüm ərzində fəal yaradıcılıq fəaliyyəti ilə seçilib. Əhəd Hacıyevin quruluşunda hazırlanan "Aldanmış canavar" tamaşası rusdilli tamaşaçıların ixtiyarına verilib.
Direktor məmnunluqla qeyd edib ki, teatr il ərzində nəzərdə tutulmuş bütün plan və plandankənar öhdəliklərini tam həcmdə yerinə yetirib.
Maliyyə göstəricilərinə toxunan Rəşad Əhmədzadə bildirib ki, repertuar siyasətinin uğuru kassadakı nəticələrdə də öz əksini tapıb. Mövsüm ərzində ən yüksək gəlir əldə edən tamaşa "Dovşanın ad günü" olub və 10 min manatdan artıq gəlir gətirib. Sonrakı yerlərdə 8 min manatdan çox gəlirlə "Üç donuz balası", "Qaraca qız" və "Düyməcik", 7 min manatdan artıq gəlirlə "Ağca və yeddi cırtdan" və "Qızıl balıq" tamaşaları qərarlaşıb.
Direktor vurğulayıb ki, təkcə son altı ay ərzində teatrın 333 tamaşa-nümayişi olub, 26 mindən çox tamaşaçıya xidmət göstərilib. Bu göstərici teatrın repertuarına və ümumilikdə fəaliyyətinə tamaşaçı marağının artdığını göstərir.
Beynəlxalq əlaqələrdən danışan Rəşad Əhmədzadə qeyd edib ki, teatr Qazaxıstanın Aktau şəhərində “Nomad Puppet" I Beynəlxalq Kukla Teatrları Festivalında Azərbaycanı uğurla təmsil edib və beynəlxalq yaradıcılıq əlaqələrinin inkişafına töhfə verib.
Qastrol fəaliyyəti də mövsüm ərzində uğurla davam etdirilib. Lənkəran, Qobustan və Pirallahıda təşkil olunan səfərlər çərçivəsində bölgə tamaşaçılarına uğurlu tamaşalar təqdim olunub.
Sosial məsuliyyət istiqamətində görülən işlərdən danışan teatr rəhbəri qeyd edib ki, YAŞAT Fondu və “Nargis” Fondunun dəstəyi ilə müxtəlif sosial layihələr həyata keçirilib, paytaxtda fəaliyyət göstərən sığınacaqlarda xeyriyyə tamaşaları nümayiş etdirilib, Uşaq Onkologiya Mərkəzində müalicə alan uşaqlar üçün xüsusi proqram hazırlanıb.
Direktor mövsümün ən qürurverici hadisələrindən birinin teatr əməkdaşlarının dövlət tərəfindən yüksək qiymətləndirilməsi olduğunu da diqqətə çatdırıb.
Bildirib ki, yeni teatr mövsümünə hazırlıq işləri davam edir. Anar Məmmədovun quruluşunda "Balaca səyyah" və Səidə Haqverdiyevanın quruluşunda "Turac və sehrli daraq" tamaşalarının məşqləri aparılır.
Rəşad Əhmədzadə vurğulayıb ki, 94-cü teatr mövsümündə əldə olunan uğurlar teatrın yaradıcı və texniki heyətinin, səhnə arxasında çalışan əməkdaşların peşəkarlığının və fədakar əməyinin nəticəsidir. Qarşıdan gələn 95-ci yubiley mövsümündə də teatr yeni tamaşalar, beynəlxalq layihələr və sosial təşəbbüslərlə tamaşaçılarını sevindirməyə davam edəcək.
İclasın sonunda 94-cü teatr mövsümünün yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə fərqlənən əməkdaşların təltifetmə mərasimi keçirilib.























