90 ilə yaxın teatr sənəti tarixi olan Qazaxda yeni mövsüm başlanır.  

Qazax Dövlət Dram Teatrından verilən məlumata görə, mövsümün ilk nümayişi 12 sentyabrda (saat 12:00) “Sonrakı peşmanlıq” tamaşası olacaq.

Tamaşanın müəllifi, quruluşçu rejissoru və musiqi tərtibatçısı Vüsal Hüseynovdur. Səhnə əsərində rejissor assistenti kimi Ceyhun Vəlizadə, quruluşçu rəssam kimi Samir Həsənov çalışıb.

Rolları Ceyhun Vəlizadə, Zəmanə Dərviş, Minayə İbrahimova, Nəsimi Aşbazov, Kamil Məmmədov, Əhməd Musayev və Həbibə Musayeva canlandırırlar.

Ötən mövsümdə, 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində premyerası olan tamaşada insan münasibətləri, verilən yanlış qərarların doğurduğu ağır nəticələr və zamanında qiymətləndirilməyən dəyərlərin sonradan yaratdığı peşmanlıq hissi ön plana çıxarılır.

Səhnə əsəri tamaşaçını həyat seçimləri, məsuliyyət və mənəvi dəyərlər üzərində düşünməyə sövq edir.