Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaş qəbulları keçirilir.

Mədəniyyət naziri Adil Kərimli iyulun 17-də Şuşa şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin inzibati binasında keçirilən qəbulda doğma yurda qayıtmış Şuşa sakinləri müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri sakinlər tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.