İyulun 17-də Şuşada Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vaqif Poeziya Günlərinin açılış mərasimi olub.

Böyük söz ustadı Molla Pənah Vaqifin məqbərə kompeksi önündə keçirilən mərasimdə mədəniyyət naziri Adil Kərimli, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, dövlət və hökumət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev Molla Pənah Vaqifin zəngin ədəbi irsindən danışıb. Bildirib ki, Vaqifin şeirlərində təbiətin gözəlliyi və insan sevgisi tərənnüm olunur. Onun irsi ortaq tariximizi nəsildən-nəslə daşıyır.

"Əsas vəzifələrimizdən biri Vaqif, Səməd Vurğun, Xaqani Şirvani, Məhəmmədhüseyn Şəhriyar və Aşıq Ələsgər kimi böyük söz ustalarının xatirəsini yaşatmaqdır. II Türk Dünyası Gənc Şairlər Festivalı isə Türk dünyasının müxtəlif coğrafiyalarından gələn yeni ədəbi səslərin tanıdılmasına, eləcə də ədəbi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Gənc şairlərin öz əsərlərini səsləndirməsi Türk dünyasının gələcəyinə qoyulan sərmayədir. TÜRKSOY olaraq gənc istedadları dəstəkləməyə davam edəcəyik”, – deyə Sultan Raev vurğulayıb.

Xalq şairi Vahid Əziz Vaqif Poeziya Günləri ilə bağlı xatirələrini bölüşərək tədbirin ildən-ilə daha geniş miqyas aldığını vurğulayıb: “Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada əsası qoyulan Vaqif Poeziya Günləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İldən-ilə tədbirin əhatə dairəsi daha da genişlənir”.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid şanlı Zəfərdən sonra Vaqif Poeziya Günlərinin hər il daha böyük təntənə ilə keçirildiyini bildirib. Qeyd edib ki, poeziya bayramı Molla Pənah Vaqifin irsinin yaşadılmasına, milli ədəbi dəyərlərin qorunmasına və müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır: "1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub, həmçinin Vaqif Poeziya Günlərinin keçirilməsi qərara alınıb. 1991-ci ilədək hər il təşkil olunan poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayaraq Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində Şuşa işğaldan azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən doğma məkanda - Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlanıb”.

Tədbir çərçivəsində TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalının mükafatlandırma mərasimi reallaşıb

Bədii hissədə Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan “Sözün ovçusu: Könlüm keçir Qarabağdan” adlı səhnə kompozisiyası nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, bu il “Sözün hekayəsi” şüarı ilə reallaşan Vaqif Poeziya Günləri iyulun 16-da şairin doğma yurdu Qazaxda başlanıb. Poeziya bayramı iyulun 18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq.

Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunacaq silsilə tədbirlər “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyatın inkişafı ilə bağlı prioritet hədəflər kontekstində xüsusi əhəmiyyət kəsb edir