Filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz İsmayılovanın Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr etdiyi “Kamal Abdulla və postmodernizm” monoqrafiyası ingilis dilində çap olunub.

Bakıda "Qanun" nəşriyyatında işıq üzü görən monoqrafiyada yazıçının “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...”, “Sirlərin sərgüzəştləri” romanları və bir sıra hekayələri postmodern kontekstdən təhlil edilir. Bu əsərlər müasir elmi-nəzəri düşüncə müstəvisində analitik tədqiq olunur, həmçinin Kamal Abdullanın bədii ədəbiyyata gətirdiyi yeniliklər, onların dünya ədəbiyyatı ilə əlaqələri araşdırılır.

Monoqrafiyada müəllif belə nəticəyə gəlir: “Azərbaycan ədəbiyyatında postmodernizmin yaranması və inkişafı Kamal Abdulla yaradıcılığı ilə bağlıdır. Yazar bu cərəyanın ən dolğun nümunələrini yaratmağı bacarıb. Bu əsərlər Qərbin postmodern təfəkkürünü anlamaqda, postmodernizmin ədəbiyyatımıza nələri bəxş etdiyini, bu cərəyanın faktlarla milli zəmində inkişafını anlamağımıza və bunu praktik olaraq görməyimizə, təhlil etməyimizə xidmət edir”.

Kitabın elmi redaktorları filologiya üzrə fəlsəfə doktoru Azər Turan, dilçilik üzrə fəlsəfə doktoru, dosent Jalə Qəribova, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Tehran Mustafayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubovadır.

Monoqrafiyanı ingilis dilinə Sevil Gültən tərcümə edib.

Qeyd edək ki, kitab Azərbaycan dilində 2024-cü ildə nəşr olunub.