İyunun 7-də Özbəkistan Dövlət Konservatoriyasında (Daşkənd) Azərbaycan musiqisinin zəngin irsinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib. Musiqi gecəsi iki qardaş xalqın ortaq mədəni dəyərlərinin təntənəsinə çevrilərək sənətsevərlərə unudulmaz anlar yaşadıb.

Konsertdə azərbaycanlı sənətkarlar – Xalq artisti, pianoçu Yeganə Axundova və Əməkdar artist, Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Özbəkistanın Mədəniyyət səfiri Sahib Paşazadə Özbəkistan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış ediblər.   

Orkestrin bədii rəhbəri və baş dirijoru, Özbəkistanın Xalq artisti Kamoliddin Urinbayevin idarə etdiyi konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Musiqi gecəsi həm də Özbəkistan Dövlət Konservatoriyasının yenilənmiş konsert zalının açılışı münasibətilə təşkil olunan ilk böyük tədbir kimi xüsusi əhəmiyyət daşıyıb.

Konserti Azərbaycanın Özbəkistandakı Səfirliyinin nümayəndələri, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, ali təhsil müəssisələrinin rektorları, musiqişünaslar, konservatoriyanın professor-müəllim heyəti, incəsənət xadimləri və çoxsaylı musiqisevərlər izləyiblər.

Fikrət Əmirovun “Min bir gecə” baletindən süita, F. Əmirov və E.Nəzirovanın “Fortepiano və orkestr üçün ərəb mövzularında konsert”i, eləcə də Hacı Xanməmmədovun “Tar və orkestr üçün 2 nömrəli konsert”i yüksək peşəkar ifada səslənərək Azərbaycan musiqisinin ecazkar gözəlliyini və yüksək bədii-estetik dəyərini bir daha nümayiş etdirib.

Azərbaycanlı sənətkarların ifaları böyük rəğbətlə qarşılanıb və tamaşaçılar gur alqışları ilə onları bir neçə dəfə səhnəyə qaytarıblar.

Konsertin sonunda BMM-nin direktoru Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasının rektoru Kamoliddin Urinbayevə xatirə hədiyyələri təqdim edib.

Musiqi gecəsi yalnız sənət bayramı deyil, həm də Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və mədəni əməkdaşlığın parlaq təcəssümü kimi yadda qalıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında ölkəmizdə keçirilən Özbəkistan Mədəniyyət Günləri çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Yeganə Axundova və Sahib Paşazadə Özbəkistan Dövlət Simfonik Orkestri ilə birlikdə geniş konsert proqramı ilə çıxış etmişdilər.

Daşkənddə baş tutan konsert həmin yaradıcılıq əməkdaşlığının uğurlu davamı kimi reallaşıb.

Özbəkistana səfər zamanı hər iki sənətkar, konsert proqramından əlavə, həm də Özbəkistan Dövlət Konservatoriyasının Dövlət imtahan komissiyasına sədrlik ediblər.