Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 36 nömrəli Uşaq musiqi məktəbi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə öz töhfəsini verib.

Məktəbin violin ixtisası üzrə müəllimi Şəhla Qədimovanın müxtəlif siniflərdə təhsil alan şagirdlərinin iştirakı ilə iyunun 3-də Qurban Abbasov adına Mədəniyyət evində (Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi) uşaqların bayramına həsr olunan konsert keçirilib.

Əvvəlcə Dövlət Himni oxunub, əlamətdar gün haqqında məlumat verilib. Bildirilib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis edilib. Vurğulanıb ki, uşaqların bayramı ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur.

Sonra konsert proqramı başlanıb. Şagirdlər həm ansambl, həm də solo ifa ediblər.

Konsertdə Leyla Nuruzadə, Ağgül Yunisli, Harun Musazadə, İqbal Axundzadə, Xədicə Quliyeva, Səmayə Nuruyeva və Mehin Vəlizadə İ.S.Bax, P.İ.Çaykovski, E.Cenkinson, F.Şubert, T.Quliyev, İ.Brams və başqa bəstəkarların əsərlərini səsləndiriblər. Onları konsertmeysterlər Gülarə Bəndiyeva, Pərvin Xanlarova, Aygün İbalı, Rəna Məmmədova və Zeynəb Nuruzadə müşayiət ediblər.

Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda səhnəyə çıxan məktəbin direktoru Raminə Ağayeva uğurlu konsert münasibətilə şagirdləri, onların müəllimini və konsertmeysterləri təbrik edib.