31 may – 3 iyun tarixlərində Azərbaycan Dövlət Uşaq Filarmoniyası və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təntənəli mərasimlə yekunlaşıb.

Festival çərçivəsində klassik musiqi axşamı, estrada və caz, “Retro dalğası”, uşaq xor kapellası konsertləri, qiraət və teatr təqdimatları, sərgilər təşkil olunub.

Festivalda paytaxt Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələri – Xankəndi, Şəki, Zaqatalanı təmsil edən, eləcə də Ukrayna, Qazaxıstan, Rusiyadan gələn ifaçılar, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025”in qalibləri də öz çıxışları ilə festivala rəng qataraq bu sənət bayramının ayrılmaz hissəsinə çevriliblər.

Festival çərçivəsində Səidə Tağı-zadə, Cavad Tağızadə, Kamilla Sədirxanova, Afaq Aşumova və Məryəm Yusifova kimi tanınmış musiqiçilər gənc istedadlarla eyni səhnəni bölüşərək onlara yaradıcılıq dəstəyi göstəriblər.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən bağlanış konsertində Xalq artisti Ağaverdi Paşayev və Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-gənclər xalq çalğı alətləri orkestrinin birləşmiş heyəti çıxış edib.

Proqramda Üzeyir Hacıbəylinin “Cəngi”, Süleyman Ələsgərovun “Tarantella”, Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, Arif Məlikovun 1 nömrəli süitası, Həsən Rzayevin “Çahargah” rapsodiyası və digər dəyərli musiqi nümunələri səslənib.

Yekun konsertində həmçinin xanəndələrin ifasında “Heyratı” və “Qarabağ şikəstəsi” zərbi muğamları, saz, tar, kamança, balaban, violin və nağara ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində yeni fəaliyyətə başlayan nağaraçılar ansamblının çıxışı da konsertin ən yaddaqalan nömrələrindən biri olub. Gənc ifaçılar peşəkarlıq nümayiş etdirərək tamaşaçıların alqışlarını qazanıblar. Ansamblın bədii rəhbəri Mahmud Salah, dirijor Nisə Salah-Abbasovadır.

“Uşaq dünyası” festivalı bir daha sübut edib ki, uşaqların və yeniyetmələrin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, onların milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi və böyük səhnəyə çıxarılması ölkəmizin mədəni həyatında böyük əhəmiyyət daşıyır.

Bağlanış mərasiminin sonunda tamaşaçıların sürəkli alqışları altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə bütün iştirakçılara, müəllimlərə və layihədə əməyi keçən şəxslərə sertifikat və təşəkkürnamələr təqdim edib.