Azərbaycan Dövlət Uşaq Filarmoniyası və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən (31 may – 3 iyun) "Uşaq dünyası" Musiqi Festivalı davam edir. Layihənin məqsədi istedadlı uşaqları tanıtmaq, onların böyük səhnəyə çıxışını təmin etmək və peşəkar sənətçilərlə birgə yaradıcılıq layihələrinə cəlb etməkdir.
İyunun 1-də festivalın daha bir konserti Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilib.
“Estrada və caz” adlı konsert proqramından öncə Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağızadə və Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini, musiqişünas Ayla Kərimova-Zəkəriyyə festivalın əhəmiyyətindən söz açıb, iştirakçılara Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbriklərini çatdırıblar.
Gecədə dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Səda” uşaq xoru (xormeyster: Aysel Mehdizadə, konsertmeyster: Şahin Yəhyazadə), həmçinin gənc vokal və instrumental ifaçılar çıxış ediblər.
Proqramda Volfqanq Amadey Motsart, Karl Bom, Qara Qarayev, Nazim Əliverdibəyov, Əzizə Mustafazadə, Nikolay Rimski-Korsakov, Scott Joplin Aaron Copland, Antonin Dvorjak, İrina Xrisanidi, İsfar Sarabski və digər müəlliflərin əsərləri yer alıb.
Festivala Ukraynadan qatılan iştirakçıların çıxışları da konsertə rəng qataraq alqışlarla qarşılanıb.
Tədbir çərçivəsində istedadlı uşaqların əl işlərindən ibarət sərgi də nümayiş olunub.




























