F.Köçərli adına Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi tərəfindən virtual oxucular üçün “Bir bayraq altında doğulan azadlıq” adlı biblioqrafik e-yaddaş toplusu hazırlanaraq istifadəçilərə təqdim edilib.
Elektron resurs Azərbaycan Respublikasının Dövlət Bayrağının yaranma tarixi, qəbul olunması ilə bağlı mühüm dövlət sənədləri, eləcə də milli bayrağımızın keçdiyi tarixi inkişaf yolu haqqında dolğun məlumatları özündə əks etdirir.
Kitabxanadan verilən məlumata görə, biblioqrafik yaddaşın hazırlanması zamanı 35 adda kitab, 165 adda dövri mətbuat materialı, həmçinin müxtəlif elmi və publisistik mənbələr araşdırılıb. Aparılmış geniş biblioqrafik təhlil nəticəsində formalaşdırılan resurs tədqiqatçılar, kitabxana mütəxəssisləri, müəllimlər, tələbələr və mövzu ilə maraqlanan bütün oxucular üçün etibarlı informasiya mənbəyi kimi nəzərdə tutulub.
Biblioqrafik yaddaşın məqsədi Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixini, milli-mənəvi dəyərlər sistemində tutduğu mühüm yeri və dövlətçilik ənənələrimizdəki rolunu geniş oxucu auditoriyasına çatdırmaqdır. Eyni zamanda, resursun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, onların milli rəmzlərimizə hörmət hissinin gücləndirilməsinə və dövlətçilik tariximiz barədə məlumatlılığının artırılmasına töhfə verəcəyi nəzərdə tutulur.
Biblioqrafik yaddaş ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:



















