​1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə konsert keçirilib.

Konsert Dövlət Uşaq Filarmoniyasının təşəbbüsü ilə gerçəkləşən “Uşaq dünyası” Musiqi Festivalı çərçivəsində təşkil olunub.

Ü.Hacıbəyli adına konsert salonunda keçirilən tədbirdə əvvəlcə Bəstəkarlar İttifaqının sədri AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə və Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadə çıxış edərək uşaqları əlamətdar gün münasibətilə təbrik edib, festivalın əhəmiyyətini vurğulayıblar.

Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynovanın aparıcı olduğu konsertdə rəngarəng və zəngin proqram təqdim edilib. ​Proqramda Azərbaycanın klassik və müasir bəstəkarlarının əsərləri yer alıb.

​Rəna Qədimovanın “Yüksəl, ey Azərbaycan” (söz: Anar Məmmədov) mahnısı Dövlət Uşaq Filarmoniyasının xor kapellasının (bədii rəhbər: Leyla Muradzadə; konsertmeyster: Elmira Hümbətova) ifasında səslənib.

Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru (bədii rəhbər: Leyla Muradzadə; konsertmeyster: Elmira Hümbətova) Qənbər Hüseynlinin “Cücələrim” (söz: Tofiq Mütəllibov), ​Sərdar Fərəcovun “12 uşaq mahnısı” məcmuəsindən “Buratino”, “Dələ”, “Küpəgirənlər”, “Aşpazlar” mahnılarını ifa edib.

Proqramda həmçinin Qara Qarayevin “Şən hadisə” (pianoda ifa: Ramila Məmmədsoy), ​“Prelud № 1” (pianoda ifa: Veysəlzadə Dəniz), ​Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” (ifa (violin): Aleksey Dzyuba;  konsertmeyster: Ülkər Həsənova), ​Ceyhun Allahverdiyevin "Sevəcəm" (pianoda ifa: Zümrüd Məmmədova) əsərləri, ​​Tofiq Quliyevin “Azərbaycana gəlsin” (söz: Süleyman Rüstəm) ​mahnısı (ifa (vokal): Dəniz Hacızadə; konsertmeyster: Təranə Məmmədova) təqdim olunub.

​Uşaqların yaradıcılıq potensialını nümayiş etdirən konsert eyni zamanda onların bayram sevincini paylaşdıqları tədbir kimi yadda qalıb.