Mayın 27-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli konserti olub.

Orkestrə Prezident mükafatçısı, dirijor Mustafa Aşurov rəhbərlik edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konsert proqramı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlanıb.

Müsabiqələr laureatları Nurlana Abdullayeva, Şaiq Əsədov, Rafael Əsgərov, Vəfa Vəzirova, Kamal Nuriyev, Əvəzxan Əzizov, Aysu Sadıqova və Mədinə Səlimovanın ifasında vətənpərvərlik ruhunda bəstəkar əsərləri və xalq mahnıları səsləndirilib.

Proqram vətənpərvərlik ruhunu tərənnüm edən geniş kompozisiya ilə yekunlaşıb.

Qeyd edək ki, bu il Şərqin ilk notlu xalq çalğı alətləri kollektivi, 2022-ci ildən BMM-nin tərkibində fəaliyyət göstərən Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaradılmasının 95 illiyi tamam olur. İl ərzində təşkil olunacaq konsertlər orkestrin yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində davam etdiriləcək.