Musiqi dilindən, dinindən, irqindən asılı olmayaraq bütün bəşəriyyətin ən həzin, ən səmimi universal sənət dilidir. Bu sənət dili vasitəsilə yazıb-yaradan incəsənət xadimlərimiz möhtəşəm əsərləri ilə dastana çevrilmişlər. Sağlığında əfsanəyə dönən, varlığı ilə musiqiyə nəfəs verən alicənab xanım, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor, AMEA-nın müxbir üzvü, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadə həm insani, həm də fərdi keyfiyyətləri ilə seçilən sənətkarlardandır. Onun fəaliyyəti yalnız bəstəkarlıqla bitmir. Firəngiz Əlizadənin mahir pianoçu, dirijor, bir çox elmi məqalələrin müəllifi, pedaqoji və musiqi ictimai xadim kimi də fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Firəngiz Əlizadə təhsil aldığı illərdən Qərb bəstəkarlarının əsərlərinin fəal təbliğatçılarından biri kimi mötəbər beynəlxalq festivallarda Azərbaycanı fəxrlə təmsil edərək böyük nailiyyətlər qazanıb. Məhz onun ifasında ilk dəfə O.Messianın, C.Keycin, C.Krambın əsərləri səslənmişdir. O, A.Şönberqin əsərlərinin ən yaxşı təfsirçisi hesab edilir. Firəngiz Əlizadə Azərbaycanda müasir musiqinin fəal təbliğatçısıdır. Onun təşəbbüsü ilə ilk dəfə Bakıda müasir musiqi festivalları keçirilmişdir. Yaradıcılığının ilk dövründən bu günə qədər genişmiqyaslı fəaliyyəti ilə mədəniyyətimizə etdiyi xidmətləri danılmazdır.
Müstəqil yaradıcılıq yoluna qədəm qoyduqdan sonra bəstəkar müxtəlif musiqi janrlarına müraciət etmiş və maraqlı əsərləri ilə daima musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. O, “İntizar” (“Qarabağnamə”), “Ağ atlı oğlan haqqında əfsanə”, “Your name means the Sea” (“Sənin adın dənizdir”) operalarının, “Boş beşik” və “Optical Identity” baletlərinin, “Al Kamandjaty” misteriyasının, “Jorney to Immortality” (“Ölümsüzlüyə səyahət”) oratoriyasının, simfonik orkestr üçün “Nağıllar”, “İthaf”, kamera orkestri üçün “Dəniz”, “İmpromtu-Crossings” əsərlərinin, instrumental konsertlərin, “Üç suluboya” vokal silsiləsinin, kamera ansamblı üçün “Miraj”, “İtirilmiş zaman axtarışında”, violonçel və fortepiano üçün “Habilsayağı”, solo violonçel üçün “Aşk havası”, “Dərviş” septeti, “Abşeron” kvinteti, “Nasimi-Passion” – solo-bariton, xor və simfonik orkestr üçün, “Zəfər marşı” – xor və simfonik orkestr üçün, “Nizami Cosmology” – böyük simfonik orkestr və elektron səslər üçün, “Şövq”– violonçel, zərb və simli orkestr üçün konsert, “Farewell” (“Əlvida”) – simli kvartet və s. əsərlərin müəllifidir.
Firəngiz Əlizadə Azərbaycan musiqisini xarici ölkələrdə müvəffəqiyyətlə təmsil edir. Sorağı daima beynəlxalq musiqi forumlarından gəlir. O, Almaniya, Böyük Britaniya, ABŞ, Niderland, İsveç, Fransa, İtaliya, Polşa, Rusiya və b. ölkələrdə keçirilən nüfuzlu festivallarda həm bəstəkar, həm pianoçu, həm də bu festivalların münsiflər heyətinin sədri kimi uğurla çıxış edib. Buna parlaq misal Sankt-Peterburqda görkəmli rus bəstəkarı A.P.Petrovun adına bəstəkarlar müsabiqəsində münsiflər heyətinin sədri olaraq dəfələrlə iştirakını göstərmək olar.
Bəstəkarın əsərləri sərhədləri aşaraq dünyanın mötəbər səhnələrində səslənir, tanınmış ifaçıların və nüfuzlu kollektivlərin – Berliner Filarmonik, Kronos-Kvartet, Yo-Yo Ma, Evelin Qlenni, Hilari Hann və bir çox başqalarının ifasında səslənərək tamaşaçılara təqdim olunur.
Bu yerdə onun əsərlərinin dünya səhnələrindəki nailiyyətləri göz önünə gəlir. “Varşava payızı” festivalında Firəngiz Əlizadənin “Habilsayağı” əsəri böyük müvəffəqiyyət qazanmış, ABŞ-ın Los-Anjeles şəhərindəmüəllif konserti keçirilmişdir. Türkiyənin Mersin şəhərində “Boş beşik” baleti tamaşaya qoyulmuşdur. Avropanın müxtəlif ölkələrində məşhur kollektivlər, ifaçılar Firəngiz Əlizadənin əsərlərini öz repertuarlarına daxil etmişlər.
Bəstəkarın Danimarkada keçirilən “Rudersdal konserter” festivalı çərçivəsində “İmpromtus” triosu ifa edilmiş, gitara üçün “Fantaziya” əsərinin yeni duet versiyasının premyerası olmuşdur. Kvintet üçün “Xəzər” əsərinin Avropa premyerası baş tutmuşdur. Bundan başqa, tanınmış pianoçu Pal Eiden F.Əlizadənin “Music for Piano” əsərini ifa etmiş və bu əsərin ifasını müxtəlif ölkələrdə kompakt-disklərə yazdırmışdır.
Londonun möhtəşəm “Pool” konsert zalında bəstəkarın simfonik orkestr üçün “Nizami Cosmology” (“Nizami fəzası”) əsərinin premyerası ukraynalı dirijor Kirill Karabitsin rəhbərliyi altında “Bournemouth Symphony Orchestra”nın (Böyük Britaniya) ifasında böyük uğurla keçərək, tamaşaçıların rəğbətini qazanmışdır. Qeyd etmək lazımdır ki, Avropada və Amerikada məşhur olan dirijor Kirill Karabits bu konsertdə “Şərqdən səslər” devizi altında zəmanəmizin üç görkəmli bəstəkarının əsərini – Q.Qarayevin “Yeddi gözəl” baletindən süitanı, D.Şostakoviçin 12 saylı simfoniyasını və öz dahi müəllimlərinin ənənələrini yaşadan F.Əlizadənin “Nizami Cosmology” əsərini konsert proqramına daxil edərək, vahid ənənə və varislik xəttini davam etdirmişdir.
Simfonik orkestr üçün “Nağıllar” əsəri Fransanın Monpelye şəhərində böyük uğurla səslənmişdir. Əsər “Opera Berlioz” zalında V.A.Mosart və P.İ.Çaykovskinin musiqisi ilə yanaşı təqdim olunmuşdur. Bu simfonik lövhə Amerikanın Minneapolis şəhərində (Minnesota ştatı) maestro Kirill Karabitsin rəhbərliyi altında Minnesota Orkestrinin ifasında da səslənmişdi.
74-cü “Aldeburgh Festival”da macar bəstəkarı Dyerd Ligetinin (György Liget, 1923-2006) 100 illiyi ilə əlaqədar əsərlərin premyerası “The Red Hause”da Ligeti kvartetinin ifasında səslənmişdir. İngilis musiqiçiləri tərəfindən Firəngiz Əlizadənin D.Ligetinin yubileyinə həsr etdiyi – “Fanfares for Ligeti” əsəri böyük dinləyici auditoriyasına yüksək səviyyədə təqdim edilmişdir.
Həmçinin Firəngiz Əlizadənin “Overcoming” (“Müqavimət”) əsəri Almaniyanın Bamberq, Münxen və Dortmund şəhərlərində Lahav Şaninin rəhbərliyi ilə böyük simfonik orkestrin ifasında səslənmiş, silsilə konsertlərin davamı olaraq bəstəkarın “Oasis” və “Dance” əsərləri Kanadanın Monreal şəhərində məşhur “Molinari” kvartetinin ifasında təqdim olunmuşdur.
Hələ 1989-cu ildə “Musik und Gesellschaft” (“Musiqi və cəmiyyət”, Almaniya) jurnalında qeyd olunurdu ki, “Firəngiz Əlizadənin musiqisi Çingiz Aytmatovun ədəbi dünyası kimi Şərq mədəniyyətini Qərb üçün açan bir mənəvi körpüdür”.
Klassik Qərb musiqi ənənəsinin Şərqlə birləşdirilməsinin mümkünlüyünə inanmayan müasir musiqinin əfsanəsi Arnold Şönberqin “... onlar yağ və su kimi qarışmırlar” fikrini bildirirdi. Lakin Firəngiz Əlizadə – Şərq və Qərb musiqi elementlərini özünəməxsus bəstəkarlıq üslubunda uğurla birləşdirərək bunun əksini sübut etdi. Xarici mətbuatda “O, Şərqlə Qərbin müxtəlif xüsusiyyətlərini birləşdirmək və sintez etmək kimi heyrətamiz istedada malikdir” fikirləri qeyd olunurdu.
Firəngiz Əlizadənin “Azərbaycan bəstəkarlarının yaradıcılığında orkestrləşdirmə” mövzusunda dissertasiyası (1994) və Qara Qarayev haqqında kitabı (1997) milli musiqişünaslıq elminə dəyərli töhfələrdir.
Bütün bunlarla yanaşı, bəstəkarın pedaqoji fəaliyyətini – Azərbaycanda, Türkiyədə, ABŞ-də, Almaniyada və digər ölkələrdə müəllimlik fəaliyyəti və ustad dərslərini də vurğulamaq lazımdır. Onun əsərlərinin xarici ölkələrdə tədris proqramına daxil edilməsini xüsusi qeyd etmək gərəkdir. Firəngiz Əlizadənin əsərləri ilk dəfə olaraq dahi bəstəkarların vətəni Almaniyanın ali musiqi məktəblərinin tədris proqramına daxil edilmişdir. Almaniyanın ali musiqi ocaqlarının tədris proqramına Bax, Bethoven, Brams kimi bəstəkarların əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarının “Muğamsayağı” əsərinin də daxil edilməsi böyük əlamətdar hadisədir.
Bəstəkarın vətənində və ölkə xaricində onun yaradıcılığı ilə bağlı elmi dissertasiyalar, diplom işləri və məqalələr yazılır. Madriddə ispan tələbə Alexandro Viana “Habilsayağı” violonçel və hazırlanmış fortepiano üçün əsəri ilə bağlı diplom işini, Türkiyənin Mərmərə Universiteti Gözəl Sənətlər İnstitutu musiqi bölümündə doktorant Gülnaz Əhmədzadənin “Çağdaş Azerbaycan opera sanatının içinde Firengiz Alizadenin “İntizar” operasının yapım ve sahnelenme açıdan incellenmesi” (elmi rəhbəri: doç. dr. Hyun Sook Tekin) adlı dissertasiyasını misal göstərmək olar. Dissertasiyada Azərbaycan opera tarixi, muğamlarımız, eyni zamanda Türkiyədə operanın yaranma tarixi işıqlandırılır. Dissertasiya işinin II bölümündə Firəngiz Əlizadənin həyat və yaradıcılığı, əsərləri, xarici ölkələrdə yazılmış səhnə əsərləri, III bölümdə “İntizar” operasının musiqi dramaturgiyası ilə bağlı məsələlər təhlil olunur. Dissertasiyada müəllif Firəngiz Əlizadənin dahi bəstəkar olduğunu vurğulayaraq, onun Türkiyənin musiqi həyatında və xüsusən, Mersin şəhərində Opera və Balet Teatrının açılmasında göstərdiyi xidmətlərini və “Boş beşik” baletinin premyerasını xüsusi qeyd edir.
ABŞ-nin Los-Anjeles şəhərində keçirilən “iPalpiti” Beynəlxalq Musiqi Festivalının 23-cü mövsümünün final konsertinin proqramında Firəngiz Əlizadənin “Harmoniya” əsəri ifa olunmuşdur. Həmin ifa 2019-cu ildə dirijor Eduard Schmiederin rəhbərliyi altında “iPalpiti” orkestri tərəfindən lentə alınmışdır. Piano partiyasını bəstəkar özü ifa etmişdir. Bu ifadan ruhlanan həmyerlimiz skripka ifaçısı Azər Dəmirov əsər haqqında məqalə yazmış və “Литературный Азербайджан” jurnalında dərc etdirmişdir. Bəstəkarı yaradıcılığı ilə bağlı qəzet, jurnallarda dərc olunan müxtəlif səpkili yazılar, elmi məqalələr musiqişünaslar üçün tədqiqat mənbəyidir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə respublikamızda keçirilən beynəlxalq musiqi festivallarında ictimai xadim və təşkilatçı, bədii rəhbər kimi yaxından iştirak edir. “Muğam aləmi”, “İpək Yolu” kimi beynəlxalq musiqi festivalları buna parlaq nümunədir.
Daima yaradıcılıq axtarışında olan Firəngiz Əlizadə bu gün də ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona şərəflə xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. Sənətkarın hər bir uğuru Azərbaycan musiqisinin geniş miqyasda nüfuzunun artması kimi çox mühüm bir işə xidmət edir.
Firəngiz Əlizadə adı, musiqisi sərhəd tanımayan, kosmopolit dünyanın ruhuna çevrilib. Elə bir dünya ki, yalnız zövqlü musiqinin, zövqlü mədəniyyətin etik və estetik mahiyyətini bütün varlığı ilə dərk edir və gələcəyə doğru daşıyır. Çünki o, nəinki bu günümüzün, hətta gələcəyimizin də zövqlü musiqi üslubunu yaradıb.
28 may görkəmli bəstəkarımız Firəngiz Əlizadənin doğum günüdür. Bu münasibətlə Firəngiz xanımı səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, zəngin yaradıcılıq yolunun bundan sonra da yeni uğurlarla davam etməsini arzulayırıq. Sevimli sənətkarımızın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli incilərin daim yaşayaraq yeni nəsillərə ilham verməsini diləyirik.
Fidan Nəsirova-Əhmədova
musiqişünas

























