Xalq şairi, yazıçı, publisist, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı 80 illik yubileyi ərəfəsində “Şərəf” ordeni ilə təltif olunub. O, Prezident İlham Əliyevin 19 may 2026-cı il tarixli Sərəncamına əsasən, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.
2005-ci ildə Sabir Rüstəmxanlıya Azərbaycanın “Xalq şairi” fəxri adı verilib. Ondan öncə (1996) və sonra (2021) isə iki dəfə “Şöhrət” ordeni ilə təltif olunub. Lakin birinci ordendən imtina edib (1998). O vaxt siyasi xadim və partiya lideri kimi hakimiyyətə müxalifətdə olan şairin belə bir addım atmasında siyasi amillər, müxalif düşərgədən gələn “dost tənəsi” də az rol oynamamışdı. Çox sonralar Sabir Rüstəmxanlı müsahibələrində həmin addımına görə peşman olduğunu gizlətməmişdi...
Beş il öncə Azərbaycan Milli Kitabxanası tərəfindən Sabir Rüstəmxanlının 75 illik yubileyi münasibətilə “Biblioqrafiya” kitabı hazırlanaraq çap edilib. “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr edilən kitabda onun ömür yolu ilə bağlı geniş oxucu kütləsi üçün maraqlı ola biləcək faktlar qeyd edilib. Onların bir qisminə nəzər salaq...
***
Sabir Xudu oğlu Rüstəmxanlı 20 may 1946-cı ildə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub.
1963 – Yardımlı qəsəbə onbirillik məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə daxil olub, bir neçə ay sonra Filologiya fakültəsinə dəyişilib.
1965 – Respublika mətbuatında ilk dəfə “Azərbaycan gəncləri” qəzetində “Kənd yolu” şeiri çıxıb.
Tələbə ikən bir müddət Respublika Uşaq kitabxanasında çalışıb, “Azərkitab”ın kitab bazasında fəhlə, Nərimanov rayon mühafizə idarəsində qarovulçu işləyib. IV kursunda oxuyarkən tarixi abidələr haqqında məqaləsi “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub və qəzetdə kiçik ədəbi işçi vəzifəsinə işə götürülüb. Bundan sonra respublika mətbuatında çıxışlar etməyə başlayıb; şeirləri, hekayələri, ədəbi-tənqidi yazıları, tərcümələri dərc olunub. Sonralar həmin qəzetdə böyük ədəbi işçi, xüsusi müxbir, şöbə müdiri olub.
1968 – Universitetin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib və Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasına qəbul olub.
1970 – “Gənclik” nəşriyyatında “Tanımaq istəsən” adlı ilk şeir kitabçası çap olunub.
1971 – İrəvanda Gənc şairlərin V Ümumittifaq poeziya festivalında iştirak edib. Həmin vaxtdan şeirləri müxtəlif dillərə tərcümə olunmağa başlanıb.
1974 – “Gənclik” nəşriyyatında “Sevgim, sevincim” adlı ikinci kitabı çapdan çıxıb.
1974-1975 – Hərbi xidmətdə olub. Əsgərlikdən qayıtdıqdan sonra yenidən “Ədəbiyyat və incəsənət” qəzetində tənqid və ədəbiyyatşünaslıq şöbəsində fəaliyyətə başlayıb, televiziya ilə əməkdaşlıq edib.
1976 – “Cəlil Məmmədquluzadə (“Molla Nəsrəddin” jurnalı) və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi (filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsinə yiyələnib.
1978 – Ukraynada Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində iştirak edib, Xerson şəhərində şeir axşamında şeirlərini oxuyub. Həmin il SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib. “Gənclik” nəşriyyatında “Xəbər gözləyirəm” adlı üçüncü kitabı çapdan çıxıb.
1979 – Əmək fəaliyyətini “Yazıçı” nəşriyyatında (şöbə müdiri, sonra baş redaktor müavini) davam etdirib. 1980-ci ildə “Yazıçı” nəşriyyatının baş redaktoru təyin olunub. Bu vəzifədə 1991-ci ilədək işləyib.
1981 – Azərbaycan yazıçılarının VII qurultayında kitab nəşrinin ağır vəziyyəti, ana dilinə dövlətin acınacaqlı münasibətilə bağlı kəskin çıxış edib, bu çıxışın nəticəsində yazıçıların qonorarı iki dəfə artırılıb. Həmin il Moskvada SSRİ yazıçılarının VII qurultayında iştirak edib. “Gəncə qapısı” şeirlər kitabı “Yazıçı” nəşriyyatında buraxılıb.
1983 – “Gəncə qapısı” kitabına görə Azərbaycan Komsomolu (Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı) mükafatına layiq görülüb. “Sağ ol, ana dilim” kitabı “Gənclik” nəşriyyatında işıq üzü görüb.
1984 – “Sovetski pisatel” nəşriyyatı Moskvada “Jdu vestoçki” (“Xəbər gözləyirəm”) adlı kitabını rus şairi Vladimir Trofimenkonun tərcüməsində nəşr edib.
1984 – Litvada yaradıcılıq ezamiyyətində olub, polyak şairi Adam Mitskeviçin adıyla bağlı yerləri gəzib, şeir silsiləsini yazıb.
1985 – Adam Mitskeviçin “Krım sonetləri”ni və lirikasından nümunələri Azərbaycan dilinə tərcümə edib və kitab şəklində oxuculara çatdırıb. Həmin il Moskvada “Molodaya qvardiya” nəşriyyatı “Yol gedir dağlara” adlı kitabını rus dilində (“Doroqa v qorı”, tərcümə: Vladimir Trofimenko və Oleq Şestinski) çap edib.
1986 – “Qan yaddaşı” adlı şeir kitabı “Yazıçı” nəşriyyatında çapdan çıxıb. Kitaba Cavad xana həsr edilmiş “Sönmüş ocaqların ağısı” və “Vətənsiz” poemaları daxil edilib.
1988 – “Ömür kitabı” əvvəlcə 30 min, sonra 100 min tirajla nəşr edilib. Sabir Rüstəmxanlıya böyük şöhrət gətirən bu kitab 1990-cı ildə rus dilində də 50 min tirajla çap edilib. Sonralar kitabın daha bir neçə dəfə nəşri (o cümlədən 1998-ci ildə Türkiyədə) olub.
1988-1989 – Xalq hərəkatında və Meydan hadisələrində fəal iştirak edib. 1989-cu ildə Qarabağa Xalq Yardımı Komitəsinin təsis etdiyi “Azərbaycan” qəzetinin baş redaktoru olub.
1990 – Xalq Cəbhəsinin dəstəyi ilə Bakı şəhəri üzrə dairələrin birindən Ali Sovetin deputatı seçilib.
1991 – Dövlət Mətbuat Komitəsinin sədri təyin edilib. 1993-cü ildə komitənin Mətbuat və İnformasiya Nazirliyinə çevrilməsindən sonra nazir postunda fəaliyyətini davam etdirib.
1992 – Vətəndaş Həmrəyliyi Partiyasının təsis qurultayında partiyanın sədri seçilib. Bu günədək partiyanın sədridir.
1995 – Mətbuat və informasiya naziri vəzifəsindən istefa verib, Yardımlı-Masallı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Ondan sonra 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə daha beş dəfə millət vəkili seçilib.
Nazir vəzifəsindən getdiyi il daha iki kitabı (“Zaman məndən keçir”, “Bu sənin xalqındır”) çapdan çıxıb.
1996 – Opera və Balet Teatrında 50 illik yubileyi təntənə ilə qeyd edilib, Prezident Heydər Əliyev yubiley gecəsində iştirak edib. Prezidentin fərmanı ilə “Şöhrət” ordeninə layiq görülüb. Bu, həmin vaxt “İstiqlal” ordenindən sonra dərəcəsinə görə ikinci dövlət təltifi idi və o, 50 yaşında bu ordenə layiq görülən ilk ədəbiyyat xadimi idi. Ordenin sahiblərinə ilk təqdimatı 1998-ci ildə oldu, S.Rüstəmxanlı ordeni almaqdan imtina etdi.
2003 – “Xətai yurdu” xatirə romanı çap edilib.
2005 – Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Xalq şairi” fəxri adını alıb.
Maraqlıdır ki, “Xalq şairi” adını aldıqdan sonra S.Rüstəmxanlı daha çox yazıçılıqla məşğul olub. Bu müddətdə “Göy Tanrı” (2005), “Ölüm zirvəsi” (Cаvаd хаn hаqqındа; 2007), “Difai fədаiləri” (2010), “Sunаmi” (2011), “Akademikin son əsəri” (2017) və s. rоmаnları, publisistika kitabları çap edilib.
2016 – Alkademik Milli Dram Teatrında 70 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib.
2021 – Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Həmin il “Qarabağa dönüş” poeması kitab şəklində çap olunub. 15 cildlik “Seçilmiş əsərləri”nin nəşri başlanıb.
Son olaraq onu da qeyd edək ki, S.Rüstəmxanlının “Ömür kitabı”ndan (1988) sonra çap olunan əsərlərinin ümumi nüsxə sayı həmin kitabın nəşrlərinin cəmi tirajından azdır... Yəni, şair və yazıçı kimi “Ömür kitabı”nan savayı heç nə yazmasaydı belə, Azərbaycan ədəbiyyatı tarixində qalacaqdı...
Sabir Rüstəmxanlını yubileyi münasibətilə təbrik edir, cansağlığı arzulayırıq!





















