Bakıda davam edən (17-22 may) Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (The 13th session of the UN World Urban Forum – WUF13) çərçivəsində mayın 19-da Milli Kitabxanada “Şəhərsalma və Memarlıq İli” mövzusunda tədbir keçirilib.

Tədbirdə “2026 – Şəhərsalma və Memarlıq İli” mövzusunda ənənəvi kitab sərgisinin açılışı və elektron sərginin (Azərbaycan və ingilis dillərində) təqdimatı olub.

Bu barədə kitabxanadan məlumat verilib.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru professor Kərim Tahirov vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin şəhərsalma və memarlıq irsinin qorunması, milli memarlıq ənənələrinin yaşadılması, bu sahədə görülən işlərin davamlılığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Direktor bildirib ki, Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafına xüsusi önəm verilib, bu istiqamətdə mühüm işlər həyata keçirilib, Azərbaycanın zəngin mədəni irsinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən siyasət Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurlu davamıdır.

Direktor çıxışında işğaldan azad olunan bölgələrdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən də bəhs edib. Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi etməsinin ölkənin şəhərsalma, memarlıq və davamlı inkişaf sahəsində həyata keçirdiyi islahatların beynəlxalq səviyyədə təqdim edilməsi baxımından önəmi vurğulanıb. 

Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova Milli Kitabxanada şəhərsalma və memarlıq ilə bağlı biblioqrafik və metodik vəsaitlərin hazırlanması, elektron layihələrin təşkili, həmçinin mövzu üzrə ədəbiyyatın təbliği istiqamətində görülən işlər haqqında danışıb.

Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “2026 – Şəhərsalma və Memarlıq İli” (https://anl.az/el/vsb/Sehersalma_ve_memarliq_ili/index.htm) adlı elektron sərgi təqdim olunub.

Sərgidə qədim dövrlərdən bu günə qədər Azərbaycan memarlığının keçdiyi inkişaf yolu, şəhərsalma ənənələri, tarixi şəhərlərimiz, memarlıq abidələri, xalq yaşayış məkanlarının özünəməxsus xüsusiyyətləri, tikinti və mühəndislik sənəti, milli memarlıq elementləri, görkəmli memarların fəaliyyəti və onların yaratdığı abidələr haqqında məlumatları özündə əks etdirən kitablar, rəsmi sənədlər, fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim edilir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri ilə bağlı nəşrlər və məqalələr də sərgidə yer alır.

Sonda mövzu üzrə ənənəvi kitab sərgisinə baxış keçirilib.