Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Yevlax şəhər Mədəniyyət Mərkəzi 18 avqust – Sərhəd qoşunları günü münasibətilə sərhədçilərin qonağı olub.
Tədbirdə qeyd olunub ki, 18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti sərhəd mühafizəsi haqqında qanun qəbul edib. Hərbi Nazirliyin tərkibində ilk sərhəd dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmanla bu əlamətdar tarix sərhədçilərin peşə bayramı kimi təsis olunub.
Çıxışlarda sərhədçilərin Vətənin ərazi bütövlüyünün və dövlət sərhədlərinin etibarlı mühafizəsində göstərdiyi fədakar xidmətdən, şərəfli xidmət yolundan bəhs olunub.
Mədəniyyət mərkəzinin sənətçiləri vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Hərbi hissədə xidmət keçən əsgərlər xoş ovqat bəxş edən musiqi sədaları altında rəqs edib, yallı gediblər.
Proqram Vətənə və dövlət sərhədlərimizin keşiyində dayanan qəhrəman sərhədçilərimizə olan ehtiramı ifadə edib.























