17–22 may tarixlərində Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (World Urban Forum) 13-cü Sessiyası (WUF13) çərçivəsində müxtəlif ölkələrdən gələn qonaqlara Azərbaycanın tarixi-mədəni irsinin, eləcə də davamlı inkişaf və mədəni turizm potensialının təqdim olunması istiqamətində tədbirlər həyata keçirilir. 

WUF 13 proqramı çərçivəsində Rusiya Federasiyasından olan bir qrup qonaq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunu ziyarət edib.

Qoruqdan bildirilib ki, ekskursiya zamanı onlara qoruğun zəngin tarixi, arxeoloji və mənəvi irsi haqqında ətraflı məlumat verilib, regionun qədim yaşayış və ibadət ənənələrini əks etdirən maddi-mədəniyyət nümunələri diqqətə çatdırılıb.

Səfər çərçivəsində ziyarətçilər "İlham Əliyev adına zirvə", bu  istiqamətdə  yerləşən mağaralar, onların divar və tavanlarında qorunub saxlanılmış qədim freskalar, su quyuları, ərzaq anbarları və digər tarixi obyektlərlə tanış olublar. Onlarda xüsusi maraq doğuran bu abidələr Keşikçidağın yalnız regionun deyil, bütövlükdə Qafqazın mühüm qədim mədəni irs məkanlarından biri olduğunu bir daha nümayiş etdirib.

Beynəlxalq səviyyəli WUF 13 forumu çərçivəsində belə ekskursiyaların təşkili Azərbaycanın zəngin mədəni irsinin tanıdılması, bu sahədə qarşılıqlı əlaqələrin, eləcə də mədəni turizmin inkişafının təşviq olunması baxımından əhəmiyyət daşıyır.