Milli Kitabxana Xalq şairi Qabilin (1926–2007) 100 illik yubileyinə həsr edilmiş virtual və ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.

Kitabxanadan verilən məlumata görə, sərgilərdə şairin əsərləri, tərcümələri, həyat və yaradıcılıq yolu haqqında kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Xalq şairi Qabil İmamverdiyevin yaradıcılığı lirizmi, humanist ideyaları, sosial və mənəvi problemlərin bədii ifadəsi ilə seçilib.

Şairin “Nəsimi” mənzum romanı, “Ömrün həbləri” satirik romanı, rübailəri, uşaqlar və yeniyetmələr üçün yazdığı “Nağaraçı” kitabı, eləcə də “Mənim mavi Xəzərim”, “Küləkli havalarda”, “Beşiyimdir – məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi poetik nümunələri yaradıcılığının əsas məqamlarını təşkil edir.

Milli Kitabxananın "Xalq şairi Qabil - 100” adlı virtual sərgisinə bu linkdə baxmaq olar.