Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin heykəlinin açılışında iştirak ediblər.

Abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov dövlətimizin başçısına və birinci xanıma abidə barədə məlumat verib.

Qeyd edək ki, bu il Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi tamam olur. Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il Sərəncam imzalayıb.

Abidə kompleksi böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsini daha müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradılıb.

Müəllifləri Xalq rəssamları Salxab Məmmədov, Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov olan heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90, ümumilikdə abidənin hündürlüyü isə 385 santimetrdir. Heykəl bürüncdən, postament qranitdən hazırlanıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Orta əsrlər Azərbaycan memarlığının inkişafında mühüm rol oynayan memar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi ilk növbədə Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürüdür. Bu layihənin icrası, eyni zamanda, onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunub. Hazırda isə onun 900 illiyinin UNESCO çərçivəsində qeyd edilən yubileylər siyahısına daxil edilməsi bütövlükdə çoxəsrlik mədəni zənginliklərimizin beynəlxalq səviyyədə daha geniş təbliğində vacib rol oynayır.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı”nda Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə də tanış olublar.

“Atelier Erich Pummer GmBH” şirkətinin (Avstriya) direktoru Erix Pummer dövlətimizin başçısına və birinci xanıma türbədə görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikadakı tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi və bərpa-konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Möminə xatun türbəsində görülən işlər də bu proqrama uyğun icra olunur.

Yerli və xarici ekspertlər tərəfindən 2023-2025-ci illərdə aparılmış baxış və tədqiqatlar nəticəsində türbədə bərpa və konservasiya işlərinin görülməsi zəruri hesab edilib. Dövlətimizin başçısı dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında 2025-ci ildə Sərəncam imzalayıb.

Azərbaycan memarlığının görkəmli abidələrindən biri olan bu türbə 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilib. Tarixi mənbələrə əsasən, türbə Atabəylər Memarlıq Kompleksinin tərkib hissəsi olub. Dövrümüzədək kompleksdən yalnız bu abidə qorunub saxlanılıb. Abidənin ümumi hündürlüyü 34 metr olub. Lakin sonralar xarici örtüyünün 8 metrlik hissəsi dağıldığından hazırda onun hündürlüyü təxminən 26 metrdir. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir.

Abidənin memarlıq xüsusiyyətləri və əhəmiyyəti nəzərə alınaraq Avstriyanın bu sahədə çoxillik təcrübəsi olan şirkəti ilə müqavilə bağlanıb, abidənin mövcud vəziyyəti qiymətləndirilərək hərtərəfli tədqiq və ölçmə işləri aparılıb. Hazırda abidənin bərpası, damın yenidən qurulması, məqbərədə mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin qurulması ilə bağlı işlər görülür.

Möminə xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. 1998-ci ildə isə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

Qeyd edək ki, bu layihənin icrası tarixi irsimizin qorunması və təbliği baxımından çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının isə incilərindən biri olan Möminə xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaratdığı bu nadir və monumental sənət nümunəsi kompozisiya həlli ilə seçilir. Türbə, həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir.