Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, ictimai xadim Rəsul Rzanın (1910–1981) anadan olmasının 116-cı ildönümündə onun adını daşıyan mükafatın növbəti təqdimatı olub.

Əvvəlcə şairin Fəxri xiyabandakı məzarı ziyarət edilib.

Sonra Azərbaycan Yazıçılar Birliyində (AYB) "Rəsul Rza Ədəbiyyat Ocağı" İctimai Birliyinin tədbiri keçirilib.

Bu barədə AYB-dən məlumat verilib.

Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza Fondunun sədri akademik Rafael Hüseynov çıxış edərək şairin yaradıcılığından, zəngin irsinin Azərbaycan xalqı üçün dəyərindən danışıb. O, ötən il Rəsul Rzanın Bakıda ev-muzeyinin açılışını əlamətdar hadisə kimi qiymətləndirib.

Akademik Rafael Hüseynov hər il şairin doğum günü ərəfəsində təqdim olunan Rəsul Rza mükafatının Rəsul Rza Fondu tərəfindən təsis edildiyini diqqətə çatdırıb, bu il mükafat alacaq şəxslərin adlarını açıqlayıb.

Bildirib ki, bu il Xalq şairi Sabir Rüstəmxanlı, şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı, tənqidçi Əsəd Cahangir, şair-publisist Azər Hacıbəyli, şair Seyidağa Seyid Sadıq, şair Məlahət Hümmətqızı və ədəbiyyatşünas Əkbər Əlioğlu Rəsul Rza mükafatına layiq görülüblər.

Mükafat alanlar Rəsul Rza Ədəbiyyat Ocağına, Xalq yazıçısı Anara və akademik Rafael Hüseynova minnətdarlıqlarını ifadə ediblər.

Sonda AYB sədri Xalq yazıçısı Anar çıxış edərək mükafata layiq görülən qələm adamlarını təbrik edib, Rəsul Rza yaradıcılığının təbliğinə görə onlara təşəkkürünü bildirib.