Azərbaycan Dövlət Film Fondunun arxivinə “Araşdırın!” adlı qısametrajlı bədii film daxil edilib.

Bu barədə Film Fondundan məlumat verilib.

Film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris studiyasında istehsal olunub. Ekran əsəri Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyev və kinooperator Ələkbər Muradovun (1948–2013) institutda tələbə ikən çəkdikləri kurs işidir.

Əsas rolları Fazil Salayev, Leyla Bədirbəyli və Arif Qasımov canlandırıblar.

Bu, tanınmış aktyor Fazil Salayevin (1931–1978) çəkildiyi son filmdir.

Ekran əsəri Ələkbər Muradovun oğlu rejissor Murad Muradov tərəfindən Film Fonduna təqdim edilib və burada rəqəmsallaşdırılıb.

Filmin adına indiyədək Azərbaycan kinosuna dair heç bir kataloq və siyahıda rast gəlinməyib.