Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı katibliyində Azərbaycanın Xalq şairi, nasir, publisist Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə mərasim keçirilib.

TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən tədbir yubilyarın həyat və yaradıcılığı haqqında sənədli filmin nümayişi ilə başlanıb.

Ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında qeyd edib ki, Azərbaycan xalqının milli özünüdərkinin inkişafında mühüm rol oynayan əsərlərin müəllifi olan Sabir Rüstəmxanlının yaradıcılığı ona ədəbi ictimaiyyətdə hörmət qazandırıb. Xalq şairi Azərbaycanın dövlət müstəqilliyinin bərpasına və ərazi bütövlüyünün qorunmasına yönəlmiş ictimai-siyasi proseslərdə fəal iştirak edən ziyalıların nümayəndələrindən biridir. Səfir qeyd edib ki, S.Rüstəmxanlı həm də dövlətinə və xalqına sadiq siyasətçi və millət vəkili nümunəsinə çevrilib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Azərbaycan ədəbiyyatının zəngin ənənələrinin davamçısı olan S.Rüstəmxanlının nailiyyətlərini vurğulayıb. Qeyd edib ki, o, öz əsərlərində azərbaycanlıların nəsillər boyu davam edən vətənpərvərlik hisslərini əks etdirən ziyalılardan biridir.

TÜRKSOY baş katibinin müavini Sayit Yusuf, Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türk dünyası ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu və Türkiyə Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici S.Rüstəmxanlı yaradıcılığının əhəmiyyətindən danışıblar.

Sabir Rüstəmxanlı çıxışında Türk dünyasının birliyinin vacibliyini vurğulayıb. Yubilyar Türk dünyasını və doğma Azərbaycanı tərənnüm edən şeirlərini oxuyub.

Sayit Yusuf yubilyara TÜRKSOY-un medalını təqdim edib.

Yubiley tədbiri Türkiyə ictimai təşkilatlarının nümayəndələrinin, alim və ekspertlərin iştirak etdiyi panel müzakirələri ilə davam edib.

TÜRKSOY-un binasında Sabir Rüstəmxanlının kitablarının sərgisi də təşkil edilib.