Xəbər verdiyimiz kimi, 2026-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və filarmoniyanın musiqi kollektivi – F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 90 illik yubileylərini qeyd edir.

Yubiley tədbirləri çərçivəsində aprelin 23-də ansambl tərəfindən konsert proqramı təqdim olunub. Konsertə ansamblın direktoru-baş dirijoru Mustafa Aşurov rəhbərlik edib.

Konsertdən əvvəl çıxış edən Mustafa Aşurov bildirib ki, Azərbaycan musiqisi əsrlər boyu formalaşıb və zənginləşib. Bu ənənələr xüsusilə 1936-cı ildə filarmoniyanın təşkili və mahnı və rəqs ansamblının yaradılması ilə peşəkar musiqi sənətinin inkişafı ilə yeni mərhələyə qədəm qoyub. 

Konsert proqramında Azərbaycan milli musiqisinin inciləri ilə yanaşı, dünya bəstəkarlarının seçmə əsərləri də səsləndirilib.

Gecədə Xalq artistləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, Əməkdar artistlər Sahib Paşazadə (tar), Almaz Orucova, aşıq Samirə Əliyeva, kamançı ifaçısı Anar Yusub, solistlər Nurlana Abdullayeva, Vəfa Vəzirova, Şaiq Əsədov çıxış ediblər. Proqramda müxtəlif janrları əhatə edən musiqi nömrələri təqdim olunub.

Konsertin baletmeysteri Ceyhun Qubadov, xormeysteri isə Naala Barateliya olub. Onların quruluşunda hazırlanan səhnə nömrələri milli musiqi ənənələrinin incəliyini qorumaqla yanaşı, müasir səhnə tələblərinə uyğun şəkildə təqdim edilib.

Yubileylər ərəfəsində keçirilən konsert ansamblın zəngin yaradıcılıq yoluna nəzər salmaqla yanaşı, Azərbaycan musiqi və rəqs sənətinin inkişafında mühüm rol oynayır.