Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir.
Aprelin 20-də qastrolun növbəti ünvanı Lənkəran olub.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestri Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində konsert proqramı təqdim edib.
Konsertdə Rafiq Babayevin “Parafraz” əsəri, eləcə də “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Babək”, “Bəxt üzüyü” kimi məşhur Azərbaycan filmlərindən seçilmiş musiqi nömrələri səsləndirilib. Bundan əlavə, Rauf Hacıyev, Tofiq Quliyev, Arif Məlikov, Oqtay Kazımi və Eldar Mansurovun qəlboxşayan bəstələri ifa olunub.
Orkestri dirijor Ellada Məmmədova idarə edib.
Xalq artisti Gülyaz Məmmədova, İlhamə Qasımova, Taleh Yəhyayev, Ayşən Mehdiyeva, Rövşən Qəhramanov, Aynur İsgəndərli, Natəvan Quliyeva, Fəxri Kazım-Nicat və digər solistlərin mahir ifaları musiqisevərlərə unudulmaz sənət zövqü bəxş edib.
Lənkəranın məşhur “Nənələr” folklor xalq kollektivinin orkestrin müşayiəti ilə çıxışı isə musiqili gecəyə xüsusi rəng qatıb.
Sonda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov maraqlı konsert proqramına görə ifaçılara təşəkkürünü bildirib, Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirliyə xatirə hədiyyəsi təqdim edib.


























