Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bədii kollektivlərin ölkə üzrə qastrolu davam edir.
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri aprelin 18-də Sumqayıt şəhərindəki “Kimyaçı” Mədəniyyət Sarayında növbəti konsert proqramını təqdim edib.
Konserti orkestrin bədii rəhbəri-baş dirijoru Xalq artisti Yalçın Adıgözəlov idarə edib.
Konsertdə Üzeyir Hacıbəylinin “Arazbarı”, Antonio Salyerinin “Venesiya yarmarkası” operasından uvertüra, Asəf Zeynallının “Muğamsayağı”, Vasif Adıgözəlovun “Prelüd №1” və “Lay-lay”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konsert”indən II hissə, Frits Kreyslerin “Çin tamburini”, Edvard Qriqin “Per Günt” süitasından “Solveyqin mahnısı” səsləndirilib.
Proqramda həmçinin Niyazinin “Arzu”, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, Həsən Rzayevin “Çahargah” rapsodiyası, Astor Piazzollanın “Oblivion”, Jorj Bizenin “Arlezian süitası”ndan “Farandola”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” yer alıb.
Xatırladaq ki, Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri qastrol təqvimi üzrə aprelin 11-də Xırdalan şəhərindəki Abşeron rayon Mədəniyyət Mərkəzində də çıxış edib.
Aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.























