Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC 2026) IV beynəlxalq elmi konfransı çərçivəsində BMT-nin sülh elçisi, hüquqşünas, inklüzivlik təşəbbüslərinin fəal təbliğatçısı, "Buğda dənəsi" filmi ilə milyonlarla insana ümid və motivasiya bəxş edən Sərkan Bayramla (Türkiyə) görüş keçirilib.

Bu barədə universitetdən məlumat verilib.

BSU-nun rektoru Anar Nağıyev çıxışında qeyd edib ki, ölkəmizdə autizm spektr pozuntulu şəxslərlə işin təşkili istiqamətində mühüm addımlar atılır. Bu sahədə həyata keçirilən layihələr, xüsusilə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan təşəbbüslər böyük əhəmiyyət daşıyır. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən göstərilən diqqət və qayğı bu sahənin inkişafında mühüm əhəmiyyət kəsb edir. Rektor bildirib ki, nümayişi keçirilən film  yalnız bir insanın həyat hekayəsini əks etdirmir, eyni zamanda, cəmiyyətə ünvanlanan mühüm qlobal çağırışı ifadə edir.

Anar Nağıyev BSU-nun inklüziv təhsilin təmin edilməsi istiqamətində müxtəlif təşəbbüsləri həyata keçirdiyini qeyd edib, universitetdə keçirilən konfransın da bu istiqamətdə addımlardan biri olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, inklüzivliyin əsasında əməkdaşlıq dayanır, çünki inklüzivlik hər kəs üçün bərabər imkanların və əlçatanlığın təmin olunmasını nəzərdə tutur və bu məqsədə yalnız birgə əməkdaşlıq sayəsində nail olmaq mümkündür. 

Sərkan Bayram “Buğda dənəsi” adlı layihənin onun həyat yolunu simvolizə etdiyini diqqətə çatdırıb. O, Ərzincanın dağ kəndində dünyaya gəldiyini, uşaqlıq və gənclik illərində bir sıra çətinliklərlə üzləşdiyini, lakin bütün bunlara baxmayaraq, həyat mübarizəsindən geri çəkilmədiyini bildirib. İstanbul Universitetinin Hüquq fakültəsində başa vurduğunu, hakimlik imtahanına daxil olduğunu, lakin müəyyən məhdudiyyət səbəbi ilə bu prosesdən kənarlaşdırıldığını diqqətə çatdırıb. Sərkan Bayram həmin dövrü həyatında dərin iz buraxan bir mərhələ kimi xarakterizə edərək, yaşadığı çətinliklərin onu daha da gücləndirdiyini və ictimai fəaliyyətə yönəlməsinə səbəb olduğunu bildirib. O, filmlərdən və şəxsi təcrübəsindən ilham alaraq gələcəkdə hüquqi maneələrin aradan qaldırılması və əlilliyi olan şəxslərin dövlət idarəçiliyində daha geniş təmsil olunması üçün mübarizə aparmaq qərarına gəldiyini qeyd edib. Onun sözlərinə görə, görülən işlər nəticəsində artıq əlilliyi olan şəxslərin hakim kimi fəaliyyət göstərməsi mümkün olub.

Qonaq çıxışında “İnsanlığı yaşat ki, dövlət yaşasın” prinsipinin vacibliyini vurğulayıb və “Buğda dənəsi” layihəsinin yalnız bir film deyil, eyni zamanda, beynəlxalq miqyasda sosial məsuliyyət təşəbbüsü olduğunu qeyd edib. Filmin bir çox ölkədə nümayiş etdirildiyini bildirib, gənclərə müraciət edərək xəyallarından imtina etməmələrini, çətinliklər qarşısında mübarizəni dayandırmamalarını tövsiyə edib.