Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistləri Nisbət Sədrayeva, Rüstəm Müslümov, Siyavuş Kərimov və Elnur Salahov 13-29 aprel tarixlərində Almaniya Federativ Respublikasında (AFR) “Klangkosmos Weltmusik” festivalı çərçivəsində silsilə muğam konsertləri ilə çıxış edirlər. Layihə Azərbaycan muğam sənətinin beynəlxalq səviyyədə təbliği və mədəni əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.
Bu barədə BMM-dən məlumat verilib.
Konsert proqramları Almaniyanın bir neçə şəhəri ilə yanaşı, Belçikanın paytaxtı Brüsseldə və Niderlandın Leyden şəhərində də təşkil olunacaq. Dinləyicilərə klassik muğam nümunələri ilə yanaşı, xalq musiqisinin inciləri də təqdim ediləcək.
Proqramın əsas məramı muğamın zənginliyini və Azərbaycan milli musiqisinin emosional dərinliyini xarici auditoriyaya çatdırmaqdır. Bu cür beynəlxalq layihələr Azərbaycan mədəniyyətinin dünyada tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.
Konsertlər Almaniyanın Köln şəhərində fəaliyyət göstərən "Klangkosmos" mədəni layihələrinin təşkili platforması tərəfindən reallaşır. Bu platforma dünyanın beş qitəsindən 130-dan çox musiqi kollektivlərini bir araya gətirərək mədəni müxtəlifliyin musiqi sahəsini təqdim edir.
“Klangkosmos Weltmusik” (“Səs kosmosu – Dünya musiqisi”) layihəsi AFR-in Şimali Reyn-Vestfaliya Vilayətinin Mədəniyyət və Elm Nazirliyi tərəfindən dəstəklənir. Artıq 25 ildir ki, hər il dörd həftə ərzində keçirilən konsertlərdə dünyanın müxtəlif regionlarından olan musiqiçilər öz mədəniyyətlərini təbliğ etmək məqsədilə Almaniya, Belçika və Niderlandda konsertlər, ustad dərsləri və mühazirələrlə çıxış edirlər. Layihə müxtəlif mədəniyyətləri təmsil edən musiqiçilər arasında əlaqələr yaratmaq, fikir mübadiləsi aparmağa imkan yaradır.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycanı bu layihədə BMM-nin direktoru Əməkdar artist Sahib Paşazadə və solist, Əməkdar artist Kamran Kərimov təmsil edib. Sənətkarlar müxtəlif şəhərlərdə 10 konsert proqramı və 5 ustad dərsi ilə çıxış ediblər.





















