Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bədii kollektivlərin ölkə üzrə qastrol proqramı davam edir.
Layihə çərçivəsində aprelin 11-də Xırdalan şəhərindəki Abşeron rayon Mədəniyyət Mərkəzində Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin iştirakı ilə konsert keçirilib.
Konserti Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri-baş dirijoru Xalq artisti Yalçın Adıgözəlov idarə edib.
Proqramda Üzeyir Hacıbəylinin “Arazbarı”, Antonio Salyerinin “Venesiya yarmarkası” operasından uvertüra, Asəf Zeynallının “Muğamsayağı”, Vasif Adıgözəlovun “Prelüd №1” və “Lay-lay”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konsert”indən II hissə, Frits Kreyslerin “Çin tamburini”, Edvard Qriqin “Per Günt” süitasından “Solveyqin mahnısı”, Niyazinin “Arzu”, Arif Məlikovun "İki qəlbin dastanı" baletindən “Komdenin arzuları”, Həsən Rzayevin “Çahargah” rapsodiyası, Astor Piatsollanın “Oblivion”, Jorj Bizenin “Arlezian süitası”ndan “Farandola”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” əsərləri yer alıb.
Orkestrin və solistlərin yüksək peşəkarlıqla ifa etdiyi bütün musiqi nömrələri alqışlarla qarşılanıb.
Qeyd edək ki, Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin daha bir konserti aprelin 18-də (saat 15:00) Sumqayıt şəhərindəki “Kimyaçı” Mədəniyyət Sarayında olacaq.























