Beynəlxalq Muğam Mərkəzində (BMM) Norveçdə yaşayan azərbaycanlı bəstəkar və musiqiçi, Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin rəhbəri Arzu Rzayevanın “Arzuların melodiyası” adlı müəllif konserti təşkil olunub.

BMM-dən bildirilib ki, tədbir Oslo Azərbaycan Evi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidov çıxışında layihənin milli-mədəni dəyərlərimizin beynəlxalq səviyyədə təbliğində əhəmiyyətini vurğulayıb və diaspor nümayəndələrinin bu işdəki rolunu yüksək qiymətləndirib.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu belə layihələrin Azərbaycan mədəniyyətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi önəm daşıdığını bildirib.

Xalq artisti Fəxrəddin Manafov tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq Arzu Rzayevanın yaradıcılığını yüksək qiymətləndirib və ona uğurlar arzulayıb.

Tanınmış dirijor və A.Rzayevanın müəllimi, Xalq artisti, professor Ağaverdi Paşayev tələbəsinin uğuruna çox sevindiyini bildirib və bu cür layihələrin Azərbaycan mədəniyyəti üçün vacib olduğunu qeyd edib.

BMM-nin direktoru Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə milli-mənəvi dəyərlərin qorunmasında bu cür mədəni tədbirlərin rolunu xüsusi vurğulayıb.

Tədbirin aparıcısı Əməkdar artist Dilarə Əliyeva Arzu Rzayevanın yaradıcılıq yolu haqqında danışıb və onun bəstələrində vətənə və torpağa sevginin xüsusi yer tutduğunu qeyd edib.

Konsert proqramında Azərbaycan musiqi ənənələrinə əsaslanan əsərlər yer alıb. Arzu Rzayevanın bəstələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinin ruhunu hiss edib və layihənin milli mədəniyyətimizin təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər.