Martın 29-da Mingəçevirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə konsert keçirilib. Konsert proqramı Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində reallaşdırılıb.
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən musiqi gecəsində Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Tural Ağasıyev, Taleh Yahyayev, Atəş Qarayev, Səma Həmzəyeva, eləcə də Mirəli Sarızadə, Fəhmin Əhmədli və Vüqar Əliyev çıxış ediblər. Səsləndirilən əsərlər Azərbaycan klassik və milli musiqisinin seçilən incilərini əhatə edərək, zalda toplaşan sənətsevərlərə xoş anlar yaşadıb.
Xatırladaq ki, martın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Mingəçevir Dövlət Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının təqdimatını etmişdi.
























