Tarixin əsrlər öncəsindən təqvimdə öz yolu olan iki bayram – Novruz və Ramazan bu il qoşalaşaraq Azərbaycana, eləcə də hər iki bayramı özününkü sayan digər məmləkətlərə qədəm qoyur.
20 mart Azərbaycanda əziz milli bayramımız Novruzun və müqəddəs Ramazan bayramının ilk günüdür.
Rəsmi dövlət təqviminə görə, Azərbaycanda Novruz bayramı 5 gün (20-24 mart), Ramazan bayramı isə 2 gün (bu il 20-21 mart) qeyd edilir. Bayramlara təsadüf edən qeyri-iş günlərinin (şənbə, bazar) əvəzlənməsi də nəzərə alınaraq, rəsmi istirahət günləri və bayram tətili 30 martadək davam edəcək.
***
Prezident İlham Əliyev Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan xalqını təbrik edib. Hər iki bayram təbrikinin mətnlərini təqdim edirik.
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.
Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır.
Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır.
Əminəm ki, yaz fəslinin yeniləşdirici ab-havası gələcəyimizi arzularımıza uyğun qurmaq şövqümüzü daha da artıracaq və biz əzmimizlə azadlığına qovuşdurduğumuz əzəli yurd yerlərimizi aydın səma altında gözəlliklər məskəninə çevirəcəyik.
Qoy qarşıdan gələn Novruz bayramı qəlblərinizi nurla doldursun, hamınıza xoş bahar əhval-ruhiyyəsi bəxş etsin, evinizə, ocağınıza əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2026-cı il
***
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, yardımlaşma, şəfqət və mərhəmət kimi xeyirxah əməllərin sevincini yaşayırlar.
Azərbaycan yüzillərdir ki, ayrı-ayrı etiqad və inancların əmin-amanlıq şəraitində dinc yanaşı mövcud olduğu nadir məkanlardandır. Bəşəriyyəti daim sülhə, humanizmə və qardaşlığa dəvət edən İslam dini tarixən cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılmasında, qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin və milli-mənəvi həmrəyliyin bərqərar olmasında müstəsna rol oynamışdır.
Əziz bacı və qardaşlarım!
Ramazan ayı hər il xalqımızın birlik və bərabərliyini daha da gücləndirir, xeyirxahlığın və savab əməllərin təntənəsinə çevrilir. Bu mübarək günlərdə dövlətimizin əmin-amanlığı, firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qoşulur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm.
Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Allah orucunuzu və dualarınızı qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2026-cı il



















