F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Müəllif saatı” layihəsi davam edir. Martın 12-də layihə çərçivəsində kitabxanada gənc yazar Fuad Cogitabadın (Əliyev) “Aradığın şey sənsən” kitabının təqdimatı keçirilib.
Tədbirdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq, Kitabxanaçılıq və İnformasiya fakültələrinin tələbələri, kitabxana əməkdaşları iştirak ediblər.
Kitabxananın direktoru Şəhla Qəmbərova tələbələri salamlayıb, müəllif və onun kitabı haqqında qısa məlumat verib. Qeyd edib ki, kitab oxumaq mədəniyyəti gənclərin dünyagörüşünün formalaşmasında, mənəvi dəyərlərin qorunmasında və intellektual inkişafında mühüm rol oynayır. Bu kimi təqdimatlar gənclərin mütaliəyə marağının artırılması, gənc müəlliflərin tanıdılması və milli ədəbiyyatın təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Fuad Cogitabad kitabdakı fəlsəfi və psixoloji mövzular haqqında bəhs edib. Bildirib ki, kitabda insanın daxili dünyası, özünü dərk etməsi, həyatın mənası kimi mövzularla yanaşı, sərbəst iradə və daxili azadlıq kimi anlayışları da xüsusi yer tutur. Müəllif bu mövzuların xüsusilə gənclərin düşüncə inkişafı və özünü tanıma prosesində mühüm rol oynadığını vurğulayıb.
Yazıçı gənclərin suallarını cavablandıraraq onlarla səmimi fikir mübadiləsi aparıb, yazı prosesi və seçdiyi “Cogitabad” təxəllüsünün mənası haqqında danışıb. Diqqətə çatdırıb ki, bu təxəllüs “sonsuz fikrin uyğunlaşdığı məkan” mənasını daşıyır və onun düşüncə tərzini, yaradıcılıq dünyagörüşünü əks etdirir.























